Aqrotexniki tədbirlər vaxtında görülür
İQTİSADİYYAT

Aqrotexniki tədbirlər vaxtında görülür

Bu günlər Qubanın kənd əməkçilərinin qayğıları daha çoxdur. Onlar səhərdən axşamadək bol məhsul götürmək üçün var qüvvələri ilə çalışırlar. Meyvə bağlarında, tərəvəz, taxıl sahələrində hər gün qızğın gedir. Fermerlər məhsulun yetişən - həlledici dövründə aqrotexniki tədbirlərə ciddi əməl edir, bitkilərə keyfiyyətli qulluq göstərirlər. Hava şəraitinin əlverişsiz keçməsi torpaq adamlarının işini bir qədər çətinləşdirsə , əlləri işdən soyumur. Onlar becərmə işlərini vaxtında başa çatdırmağa çalışırlar.

Rayonda kənd təsərrüfatı işlərinin gedişi vəziyyəti barədə danışan Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Dəyanət Orucov deyir ki, dövlət dəstəyindən lazımınca yararlanan fermer, ailə (şəxsi) təsərrüfat sahibləri hər il olduğu kimi, bu il sahələrdən yüksək məhsul götürmək üçün öz imkan bacarıqlarından səmərəli istifadə etməyə səy göstərirlər. Məlum olduğu kimi, Quba iri meyvəçilik rayonudur. Meyvəçilərimizin mülkiyyətində hazırda 19 min hektara yaxın bağ sahəsi vardır. Bunun 4 min hektarı son illərdə salınmış super intensiv meyvə bağlarıdır. İntensiv bağların salınması hər il davam edir. Təkcə son payız-yaz mövsümündə rayonumuzda daha 290 hektar yeni bağ salınıb. Hazırda meyvə ağaclarında xəstəlik zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Eyni zamanda suvarma, gübrələmə, gövdəətrafı cərgəarası becərmə sair işləri aparılır.

Əkinçilərimiz cari il üçün 11.025 hektarda taxıl, o cümlədən 8.970 hektarda buğda, 2.055 hektarda arpa bitkisi əkmişlər. Şum əkin işləri keyfiyyətlə görülmüş, suvarma vaxtında aparılmışdır. Odur ki, yamyaşıl zəmilər bol məhsuldan xəbər verir. Hazırda əkinlərdə aqrotexniki qulluq işləri davam edir. Taxıl sahələrinin 4 min hektarında gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb. Zəmilərdə vegetasiya suvarmaları da başa çatmaq üzrədir. Yeri gəlmişkən deyim ki, taxılçılarımız qarşıdakı biçin mövsümünə artıq hazırlıq görüblər. Bu məqsədlə 13 ədəd kombayn təmir olunaraq saz vəziyyətə gətirilmişdir. Mövcud kombaynların 9 ədədi Quba aqroservisinə, qalan hissəsi fermerlərə məxsusdur. Hər il olduğu kimi, bu il biçin dövründə qonşu rayonların kombaynları da məhsul yığımına kömək edəcəkdir.

Cari ilin məhsulu üçün rayonumuzun təsərrüfatlarında 1534 hektarda tərəvəz, 1222 hektarda kartof, 676 hektarda yem bitkiləri əkilmişdir. Tərəvəz sahələrinə ştillərin köçürülməsi vaxtında başa çatdırılmış, hazırda bu bitkilərə aqrotexniki qulluq göstərilir. Kartof sahələrində vəziyyət yaxşıdır. Havalar yazda yağışlı keçdiyindən bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir. Mal-qara üçün toplanan yem bitkilərinin məhsuldarlığı da qənaətbəxşdir. Hazırda bu sahələrdə çalım işləri aparılır.

Əkin sahələrinin suvarılması da vaxtlı-vaxtında görülür. Yeri gəlmişkən deyim ki, hazırda suvarmada da elə bir çətinliyimiz yoxdur. Bu sahədə yarana biləcək problemləri qarşılamaq üçün rayon DAİM tərəfindən tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq göstərişinə əsasən suvarma suyundan maksimum səmərəli istifadə etmək məqsədilə DAİM- Qərargah yaradılmış, "Tədbirlər Planı" təsdiq olunmuşdur. Qərargahın vaxtaşırı keçirilən iclaslarında bu məsələ müzakirə olunaraq daim diqqət mərkəzində saxlanılır.

Ziyafəddin BAYRAMOV,

"Respublika".