Aqroparklar və iri fermer təsərrüfatları
İQTİSADİYYAT

Aqroparklar və iri fermer təsərrüfatları

Dövlətin sahibkarlığa dəstəyi sayəsində inkişaf etdirilir

Son illər kənd təsərrüfatında yeni idarəçilik forma və metodlarına, innovasiyaların tətbiqinə geniş üstünlük verilir. Əgər aqrar sahənin müasir idarəçilik prinsiplərindən danışsaq, əlbəttə ki, aqroparklardan söhbət açmaq yerinə düşər. Aqroparklar kənd təsərrüfatı və emal sənayesini bir əldə birləşdirən, cəmləşdirən idarəçilik formasıdır.

Hazırda Azərbaycanda aqroparkların sayı 17-yə çatdırılıb, onların birlikdə ümumi əkin sahəsi 104 min hektara yaxınlaşıb. Gələcəkdə isə aqroparkların sayı artırılaraq 51-ə, onların əkin sahələrinin isə birlikdə 200 min hektara çatdırılacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyev bu il aprelin 20-də Hacıqabul rayonuna səfəri zamanı “Aqro Dairy” və “Azərsun Şamaxı Aqropark” müəssisələrinin açılışında iştirak edib. Qeyd edək ki, “Aqro Dairy” MMC-nin Samux rayonunun Qaraağaclı kəndində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7 min hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5 min hektar əkin sahələrində intensiv bitkiçilik təsərrüfatları var. Müəssisə, həmçinin, toxumçuluqla da məşğul olur.

“Azərsun Şamaxı Aqropark” müəssisəsi 2 hissədən - əkin sahələrindən və heyvandarlıq kompleksindən ibarətdir. Hazırda burada 5 min baş mal-qara var ki, onun da 2 min başı südlük istiqamətlidir. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə daha 1000 baş damazlıq düyə yetişdirməyi planlaşdırıb.

Aqroparkların təşkili və fəaliyyətində diqqəti cəlb edən əsas məsələ burada sahibkarların dövlət dəstəyinə arxayın olması və bundan bəhrələnməsidir. Məsələn, “Aqro Dairy” MMC-yə taxıl və yem tədarükü bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi sənədi verilib və məhz bu sənədə görə 23,4 milyon manat məbləğində ƏDV və gömrük rüsumlarından azad edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.   

Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Bu mexanizmlərindən biri də daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilməlidir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 % təşkil edəcək.

Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, bununla da investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn, çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni veriləcək 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Yeni mexanizmlərin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi, iqtisadiyyatın real sektorunun inkişafı və iqtisadi artımın dəstəklənməsinə öz müsbət təsirini göstərməklə yanaşı, girov yetərsizliyi olan sahibkarların investisiya layihələrinin icrasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edilən mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan elektron kredit platforması vasitəsilə həyata keçiriləcək.

Nəzərdə tutulan daha bir yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilib. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunub. Bu məqsədlə 100 milyon manat vəsait ayrılıb. Bunun 50 milyon manatı dövlət büdcəsinin, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin edilib. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların yükünü azaltmaqla yanaşı, kredit təşkilatlarının likvidliyinin təmin olunmasına müsbət təsir edəcək.

Ümumilikdə, qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına səbəb olacaq.

Nəriman CAVADOV,

“Respublika”.