Aqroparklar kənd təsərrüfatında yeni idarəetmə formalarıdır
İQTİSADİYYAT

Aqroparklar kənd təsərrüfatında yeni idarəetmə formalarıdır

İstehsal və emal sənayesinin bir əldə birləşdirilməsi işin səmərəliliyini artırır

Son illər ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsində yeni texnologiyalara, yeni idarəçilik formalarına üstünlük verilir. Aqroparkların, iri taxılçılıq təsərrüfatlarının yaradılması bu istiqamətdə atılan ən müsbət addımlardır. Aqroparklar kənd təsərrüfatının iki ən mühüm sahəsini—əkinçiliyi (o cümlədən heyvandarlığı) və aqrar emal sənayesini özündə birləşdirərək vəhdət şəklində inkişaf etdirir.

Bunun bariz nümunəsini biz bu ilin aprelində Hacıqabul rayonunun timsalında aydın gördük. Dövlət başçısının aprelin 20-də Hacıqabula səfəri çərçivəsində rayonda “Agro Dairy” və “Azərsun Şamaxı Aqropark”larının açılışı oldu.

Qeyd edək ki, hər iki aqropark kənd təsərrüfatında yeni idarəçilik formasına əsaslanır və onlarda ən müasir texnologiyalar tətbiq olunur. “Agro Dairy” aqroparkının açılışı zamanı dövlət başçısına məlumat verilib ki, burada kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi, yüksək məhsuldarlığa malik layihələr həyata keçirilir.

Aqroparkın Samux rayonunun Qarağaclı kəndində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7 min hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5 min hektar olan sahələrində intensiv bitkiçilik məhsulları yetişdirilir, ərazilər əkin dövriyyəsinə daxil olunub.

Təbii, “Agro Dairy” öz təcrübəsini digər təsərrüfatlarla da bölüşür. Bu məqsədlə hələ ötən ilin oktyabrında Hacıqabulda təlim mərkəzi tikib. Payız əkinindən əvvəl fermerləri dəvət edib və onlara təlim keçib. Bu ilin yaz əkini qarşısında da belə təlimlər təşkil olunub.

Müəssisənin açılış mərasimində dövlət başçısına məlumat verilib ki, aqroparkın müstəxəssisləri işğaldan azad edilən Ağdam və Füzuli rayonlarında da olublar. Qarabağın olduqca münbit, bərəkətli torpaqları olduğunu qeyd ediblər, amma işğal dövründə ermənilər buranı (əkin yerlərini də) pis vəziyyətə salıblar. Qeyd olunub ki, torpağın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən işlər görülməlidir.

Qeyd edək ki, “Agro Dairy” MMC əvvəllər toxumçuluqla məşğul olub. Onun bu təcrübəsini nəzərə alaraq ona taxıl və yem bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi lisenziyası verilib.

Hacıqabulda fəaliyyətə başlayacaq digər müəssisə “Azərsun Şamaxı Aqropark”dır. Müəssisə 2 hissədən—əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2 min baş südlük istiqamətli olmaqla, bütövlükdə 5 min baş iribuynuzlu mal-qara saxlanılır. Müəssisə gələn il 1000 baş damazlıq düyə yetişdirəcək. Gündəlik süd istehsalı 50 tondur.

Bu il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində burada Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Burada qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, TİR parkı, tikinti materiallarının satışı bazarı fəaliyyət göstərəcək.

Adından göründüyü kimi, Ağdam Sənaye Parkı aqroparklardan bir balaca fərqlidir. Burada 33 kiçik istehsal və xidmət sahəsi yaratmaq planlaşdırılır. Yəni burada əkin sahələri, heyvandarlıq aparıcılıq təşkil etmir, əsas üstünlük sənaye sahəsinə verilir. Bununla belə, Sənaye Parkında kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda soyuducu kameraların təşkili planlaşdırılır.

Hazırda ölkəmizdə 17 aqropark var, onların əkin dövriyyəsində olan ümumi torpaqların sahəsi 104 min hektardan çoxdur. Lakin gələcəkdə aqroparkların sayının 52-yə çatdırılacağı gözlənilir. Onların sərəncamında olan əkin dövriyyəsinin 200 min hektarı ötəcəyi planlaşdırılır, istehsal gücləri isə 1 milyard manatı ötəcəyi gözlənilir.

Bütün bunlar isə lap yaxın gələcəkdə regionlarda işsizliyi minimuma endirəcək, aqrar istehsal və emal sənayesinin bir mərkəzdə birləşməsi səmərəliliyi artıracaq.

Nəriman CAVADOV,

“Respublika”.