İQTİSADİYYAT

"Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı göndərilib

Fevralın 12-də "Aqroekspress" layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Xaçmaz rayonundakı Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk yük qatarının Rusiyaya göndərilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Rusiya İxrac Mərkəzi"nin və özəl sektorun nümayəndələri iştirak ediblər.

Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, "Aqroekspress" layihəsinin hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsindəki rolunu və əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Rusiyanın dost və strateji tərəfdaş olduğunu bildirib, hər iki ölkənin bir sıra platformalar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir müavini iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın reallaşdırılması, qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini ölkələrimiz arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi olaraq reallaşdırılan "Aqroekspress" layihəsinin qarşılıqlı faydalı əməkdaşlığın və biznesin inkişafı üçün əhəmiyyətindən danışıb, nəqliyyat-tranzit potensialının artırılmasına töhfə verəcəyini, sahibkarlığın stimullaşdırılmasına yönəlmiş dəstək tədbiri olduğunu diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, "Alliance Logistics" MMC-nin rəhbəri Natiq Heydərov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, "Rusiya İxrac Mərkəzi"nin rəhbəri Nuri Quliyev və digərləri "Aqroekspress" layihəsinin effektiv qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa yönələn, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə ixtisaslaşmış xidmət olduğunu qeyd ediblər.

AZƏRTAC