“AQRAR STARTAPLAR  FORUMU”
Region

 “AQRAR STARTAPLAR  FORUMU”

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Kənd Təsərrüfatı Nazirliyinin qurumu olan Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar Startaplar Forumu” keçirilib. Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.

Forumun açılışında çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov işğaldan azad olunan ərazilərdə son illər ərzində aqrar sahədə həyata keçirilən layihələrdən ətraflı söhbət açıb. O qeyd edib ki, innovativ layihə və startapların xüsusilə gənclər arasında təbliği vacibdir. Forumda keçirilən innovasiya sərgisindən danışan Z.Qurbanov bildirib ki, “Aqrar Startaplar Forumu”da 19 stenddə respublikanın müxtəlif yerlərindən startaplar nümayiş olunur. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, forumun işinə uğurlar arzu edib. Sonra, tədbirdə aqrar innovasiyalarla bağlı videoçarx nümayiş olunub.

Çıxış edən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusib Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, millət vəkili Müşfiq Cəfərov da “Aqrar Startaplar Formu”nun keçirilməsini yüksək qiymətləndiriblər.

Forum panel müzakirələrlə davam edib.

Zabit XƏLİLOV,

“Respublika”.