Aqrar siyasət və kənd təsərrüfatının davamlı inkişafı
Siyasət

Aqrar siyasət və kənd təsərrüfatının davamlı inkişafı

"Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Bu ənənə davam etməlidir".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Azərbaycanda aqrar sahənin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 14 iyul 1969-cu ildən etibarən Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi bütün nailiyyətlərin əsasında birmənalı olaraq ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. O, ilk dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi cəhətdən son dərəcə ağır bir vəziyyətə düşmüş respublikaya çevrilmişdi. Xüsusilə kənddə, aqrar sektorda vəziyyət daha dözülməz idi. Bütün sahələr üzrə məhsuldarlıq çox aşağı səviyyəyə düşmüşdü. Kolxozçu öz əməyinin bəhrəsini görə bilmirdi. Yaşayış səviyyəsi çox acınacaqlı, Azərbaycan kəndi elmi-texniki tərəqqinin nailiyyətlərindən xəbərsiz idi.

Azərbaycan KP MK-nın həmin ilin avqust ayında keçirilən plenumunda Heydər Əliyev proqram xarakterli məruzəsində respublika iqtisadiyyatına rəhbərlik səviyyəsində buraxılan səhvlərin və qüsurların kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmlətmək, tapşırılan iş üçün kadrların tələbkarlığını və məsuliyyətini artırmaq haqda ciddi tapşırıqlar verdi. Respublikada taxılçılıq, pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük, çayçılıq sahələrində, həmçinin heyvandarlıqda mövcud nöqsanlar təhlil edilərək kənd təsərrüfatında məhsuldarlığın artırılmasının konkret yolları müəyyən edildi. Həmin plenumda yüksək məhsuldarlıqlı, xəstəliyə davamlı yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin nailiyyətlərinə, toxumçuluq təsərrüfatlarının inkişafına, damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və məhsuldar heyvan növlərinin yetişdirilməsi məsələlərinə böyük diqqət yetirildi. Aqrar sahədə çalışan alimlər qarşısında dənli bitkilər, pambıq, tərəvəz, üzüm və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə fəaliyyət istiqaməti müəyyənləşdirildi.

Məhz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində 1970-ci ilin iyulunda Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında", daha sonra 1975-ci ilin iyulunda "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək haqqında" yeni, ikinci bir qərar qəbul etdi. Daha sonra, 1979-cu ilin fevralında "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul edildi.

Bütün bu qərarların və Heydər Əliyevin uzaqgörən, cəsarətli, düşünülmüş, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin nəticəsində Azərbaycan kəndi canlandı, dirçəldi, varlandı, tərəqqi etdi, yenidən quruldu.

Kəndin texniki tərəqqisi, elmi nailiyyətlərin istehsalata tətbiqi, fədakar əməyin yüksək qiymətləndirilməsi, peşəkar və işbilən mütəxəssislərin irəli çəkilməsi, seleksiya, aqrokimya, müasir suvarma, torpağa sistemli şəkildə qulluq göstərilməsi və s. məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan qısa bir vaxtda o vaxtkı SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Əhalisinin təxminən 50 faizi kənd və rayonlarda məskunlaşmış respublikamızın kənd təsərrüfatında iki istiqamətə-əkinçiliyə və heyvandarlığa, o cümlədən əkinçilikdə pambıqçılığa və üzümçülüyə xüsusi diqqət göstərildi.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə kənd təsərrüfatında ümumi daxili məhsul istehsalı 2,7 dəfə, əmək məhsuldarlığı isə 2,2 dəfə artdı və Azərbaycan kəndinin sosial-iqtisadi siması kökündən dəyişdi, ölkə geridə qalmış aqrar ölkədən, bütövlükdə aqrar sənaye respublikasına çevrildi.

Ulu öndər özünə həmişə doğma bildiyi aqrar sektora da xüsusi diqqət yetirib. Özünün qeyd etdiyi kimi, "Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur. İslahatlar vasitəsilə istehsalın artırılması, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra keçid dövrü üçün xarakterik olan aqrar bölmədə baş vermiş tənəzzül, kənd təsərrüfatı məhsulları istehsalının illik həcminin xeyli aşağı düşməsi aqrar sferada bazar münasibətlərinin formalaşması və inkişafına istiqamətlənmiş köklü iqtisadi islahatların həyata keçirilməsini tələb edirdi.

Aqrar islahatların aparılmasında dünya təcrübəsinə əsaslanmaq məqsədilə 1994-cü ildə Çinin, İsrailin, Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının aqrar sahə üzrə alimləri və mütəxəssislərinin iştirakı ilə Milli Məclisdə "Aqrar islahatların aparılması təcrübəsinə dair" beynəlxalq konfrans keçirilmişdi.

1995-ci il fevralın 18-də "Sovxoz və kolxozların islahatı haqqında" və "Aqrar islahatın əsasları haqqında", bir il sonra isə "Torpaq islahatı haqqında" qanun qəbul edildi. Bu, postsovet məkanında ilk qətiyyətli aksiya idi, "Torpağı və mülkiyyəti əzəl sahiblərinə, torpaqda yaşayanlara və işləyənlərə qaytarmaq".

Daha sonra Heydər Əliyevin 2 mart 1995-ci il tarixli fərmanı ilə Dövlət Aqrar İslahat Komissiyası yaradıldı. Komissiyanın əsasnaməsi, islahat qanunlarının tətbiqi üçün təlimatlar, tövsiyələr və digər sənədlər təsdiq edildi.

"Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" Heydər Əliyevin 22 mart 1999-cu il tarixli fərmanı bu sahədə sahibkarlığın inkişafına böyük təkan verdi. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edildi.

Bu tədbirlərin nəticəsində ölkənin aqrar-sənaye kompleksinin inkişafında keyfiyyətcə və məzmunca yeni bir mərhələnin təməli qoyuldu, 1995-ci ildən etibarən respublikada 1970 ictimai təsərrüfatda, həmçinin emal və aqroservis müəssisələrində islahat aparıldı, 3,4 milyon nəfərə və ya 872 min ailənin xüsusi mülkiyyətinə 1,4 milyon hektar torpaq, 830 min nəfərə isə əmlak payı verildi. Kolxoz və sovxozlarda olan texnikalar da əmlak payı kimi əhali arasında bölüşdürüldü. Lakin həmin texnikaların o zaman əksəriyyəti öz istismar müddətini başa çatdırmış, köhnələrək yararsız hala düşmüşdülər. Kənddə texnika çatışmırdı. Həmin dövrdə ölkə Prezidenti Heydər Əliyev Yaponiyaya səfər edərkən bu ölkə ilə imzalanmış Notlar Mübadiləsinə əsasən 2KP Proqramı çərçivəsində ayrılmış qrant hesabına 1998-2003-cü illərdə 773 ədəd texnika, o cümlədən müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları gətirilərək müvafiq qaydada fermerlərə lizinqə verilməklə məhsul istehsalçılarına dəstək oldu.

Genişmiqyaslı təxirəsalınmaz tədbirlərdən biri ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Bu məqsədlə, Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı" qəbul olundu. Proqramda əsasən yoxsulluğun azaldılması, insanların ərzaqla təminatı və ərzaq məhsullarından səmərəli istifadə edilməsi nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə aqrar sahə ilə bağlı 50-dən artıq normativ-hüquqi sənəd qəbul edilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsullarının artırılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına əsaslı təkan vermişdir.

Əgər, 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi orta hesabla aşağı düşürdüsə, bu göstərici 1999-2001-ci illərdə uyğun olaraq 7,1; 12,1; 11,1 faiz artmışdır.

Azərbaycanın dostları da, bədxahlar da əmin oldular ki, müstəqilliyimizi geri döndərə biləcək heç bir qüvvə yoxdur. Xalq öz müdrik rəhbərinə inanır, ona güvənir və onu müdafiə edirdi. Artıq iyirmi ilə yaxındır ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil respublikamız bu gün onun layiqli davamçısı və siyasi varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla idarə olunur, inkişaf etdirilir.

2003-cü il oktyabr ayının 15-də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş İlham Əliyev yenicə formalaşmış Nazirlər Kabinetinin birinci iclasında Heydər Əliyev tərəfindən başlanmış aqrar siyasəti, yeni iqtisadi münasibətləri və sahibkarlığı inkişaf etdirməyi, aqrar islahatların ikinci mərhələsinə keçməyi, əhalinin maddi rifahının yaxşılaşdırılmasını əsas məsələ kimi qarşıya qoymuşdur.

2012-ci ildə kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 512 milyard manat olmuşdur ki, bu da ölkə üzrə ümumi daxili məhsulun 6,5 faizini təşkil etmişdir.

Prezident seçildiyi ilk gündən İlham Əliyev ölkədə aqrar sektorun inkişafına diqqəti daim artırmış, ölkədə kənd təsərrüfatının yenidən qurulmasına, müasirləşməsinə, sahibkarlığın inkişafına, iri fermer təsərrüfatlarının və əhalinin güzəranının yaxşılaşmasına səy göstərmişdir. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə artıq Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, həmçinin bir çox şirkətlər tərəfindən kommersiya məqsədilə "ağıllı bağ" salınıb, "ağıllı istixana", "ağıllı kümxana"lar qurulub, "ağıllı suvarma" sistemləri, "dəqiq əkinçilik" texnologiyaları, müxtəlif məqsədlər üçün aqrorobotlar, aqrodronlar tətbiq olunur. Eləcə də, işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" konsepsiyası əsasında ölkəmizdə fəaliyyətdə olan digər "Aqropark"larla yanaşı, "Dost Aqropark" da fəaliyyətə başlamışdır.

Bütün bu tədbirlərin, yüksək idarəçilik və təşkilatçılığın, eləcə də dövlətimiz tərəfindən kənd təsərrüfatı məhsulu istehsalçılarına, həmçinin elm və innovasiyaların tətbiqinə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, respublikamızda 2022-ci ildə 985,7 min hektar sahədən (hər hektardan 31,3 sentner olmaqla) 3,161 milyon ton dənli və dənli paxlalı bitkilər toplanıb. Heyvandarlığa gəldikdə isə, ötən il 2021-ci illə müqayisədə ət istehsalı 3 faiz artaraq 628 min ton, süd istehsalı 1,9 faiz artaraq 2,26 milyon ton, yumurta istehsalı 9,8 faiz artaraq 2,18 milyon ədəd, yun istehsalı 2,3 faiz artaraq 15,8 min ton barama istehsalı 31,4 faiz artaraq 341 ton olmuşdur. Hər inək və camışdan orta hesabla 1731 (2021-də 1709 kq) süd sağılmışdır. Bütövlükdə, ötən ilin yekunları ilə müqayisədə 3,4 faiz; o cümlədən bitkiçilik məhsulları istehsalı üzrə 3,3 faiz, heyvandarlıq məhsulları istehsalı üzrə 3,4 faiz artım olmuşdur. Kənd təsərrüfatı üzrə ümumi daxili məhsul istehsalı isə 10984 milyon manat təşkil etmişdir ki, bu da həmin il ölkə üzrə ümumi daxili məhsul istehsalının (133,8 milyard manat) 8,2 faizi deməkdir.

2012-ci illə müqayisədə 2022-ci ildə kənd təsərrüfatı üzrə ümumi daxili məhsul istehsalı 2,14 dəfə artmışdır.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi aqrar islahatların möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi artıq öz müsbət nəticəsini vermişdir. Dövlətimizin qayğısı sayəsində aqrar sahə sürətlə inkişaf edir, əhalinin istehlak tələbatının mühüm növ ərzaqla təminatı yaxşılaşır, kənardan ərzaq asılılığı getdikcə aradan qaldırılır, sənayenin lazımi həcmdə kənd təsərrüfatı məhsulları ilə təminatı yaxşılaşır. Bu isə bütövlükdə ölkə iqtisadiyyatının canlanmasına, hərbi qüdrətimizin yüksəlməsinə, əhalinin real həyat şəraitinin yaxşılaşdırılmasına, ölkəmizdə sabitliyin bərqərar olmasına əsas verir.

Bütün bunlarla yanaşı, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində kənd təsərrüfatı məhsullarının istehsal potensialının daha da artırılması məqsədilə müasir enerji və innovativ texnologiyaların tətbiq olunması, toxumçuluq, tingçilik təsərrüfatlarının inkişaf etdirilməsi, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqi, ərzaqlıq buğda istehsalının artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, sahibkarlığa qayğının artırılması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və əkin dövriyyəsinə daxil edilməsi, müxtəlif ixtisaslar üzrə kadr potensialının gücləndirilməsi və əldə olunmuş elmi yeniliklərin, innovasiyaların aqrar sahəyə tətbiqi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq tədbirlər görülməkdədir.

İnstitutumuzun alimləri də ulu öndər Heydər Əliyevin aqrar siyasətini əsas tutaraq ölkə başçısı İlham Əliyevin bu sahədə apardığı genişmiqyaslı islahatların uğurla reallaşması üçün bilik və bacarığını əsirgəmir, vətənimizin xoşbəxt gələcəyi naminə öz məsuliyyətlərini dərindən dərk edirlər.

 Kamil FƏTƏLİYEV,

Azərbaycan Dövlət Aqrar Universiteti "Aqromexanika" Elmi-Tədqiqat

İnstitutunun direktoru.