AQRAR SAHƏDƏ KOMPLEKS YANAŞMA VƏ PERSPEKTİVLƏR
İQTİSADİYYAT

AQRAR SAHƏDƏ KOMPLEKS YANAŞMA VƏ PERSPEKTİVLƏR

Məlum olduğu kimi, möhtərəm Prezident İlham Əliyevin siyasətinin təməl prinsipi ölkənin iqtisadi sistemini dünya iqtisadiyyatına inteqrasiya yolu ilə inkişaf etdirmək və Azərbaycanı ən qabaqcıl ölkələr səviyyəsinə qaldırmaqdan ibarətdir. Bunun üçün iqtisadi islahatlar konsepsiyasında aqrar islahatlara xüsusi önəm verilmiş və kənd təsərrüfatında həyata keçirilən islahatlar köklü dəyişikliklərə zəmin yaratmaqla, bu sahənin bir neçə inkişaf mərhələsi keçməsinə səbəb olmuşdur.

Aqrar islahatların hər bir mərhələsi özünün xarakterik nailiyyətləri və çətinlikləri ilə müşayiət olunmuşdur. Bütün bunlar barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrində rəy və təkliflər bildirilmiş, müxtəlif konseptual yanaşmalar və tendensiyalar barədə ideyalar irəli sürülmüşdür.

Aqrar islahatların indiki dönəmində də ənənəvi qaydada özünəməxsus fikirlər və təkliflər səsləndirilməkdədir. Bəzən həmin fikirlərə diqqət yetirdikdə aydın olur ki, onların əksəriyyəti qeyri-peşəkar və diletant insanlar tərəfindən təqdim olunan təşəbbüslərdir. Məsələn, belə təkliflər arasında ən çox rast gəlinən "kənd təsərrüfatına dövlət tərəfindən subsidiyalaşdırma tədbirlərinin daha da genişləndirilməsi" çağırışlarıdır. Ancaq nədənsə, kənd təsərrüfatının və ümumiyyətlə iqtisadiyyatın bazar münasibətləri şəraitində bərqərar olduğunu və istehsal münasibətlərinin də bazar konyukturasında baş verən proseslərə və trendlərə uyğun inkişaf etdirilməsindən əhatəli söhbətlər aparılmır. Fərq etməz, istər daxili, istərsə də xarici bazar olsun. Hər bir biznes və ya təsərrüfat subyekti üçün ümumi bazar (daxili+xarici) anlayışı mövcuddur və sıx inteqrasiya olunmuş dünya iqtisadi sistemi ümumi bazarın konyukturası fonunda inkişaf etməkdədir.

Qloballaşan dünya iqtisadiyyatında müasir bazarın tələblərindən, dünyada baş verən iqtisadi proseslərdən kənar düşmək inkişaf istiqamətlərindən, innovativ texnologiyalardan, müasir biznes idarəçiliyindən və s. geri qalmaq deməkdir. Bu baxımdan dövlət subsidiyası heç də bütün problemləri və çağırışları həll etmir. Düzdür, aqrar sektorda dövlət dəstəyi tədbirləri vacib mexanizmdir və mühüm əhəmiyyət kəsb edir. Ancaq bu dəstəyin səmərəliliyi də müəyyən şərtlər və hallarla bağlıdır:

- bazar aktivliyi;

- tələb/təklif nisbəti;

- qiymətlərin dəyişmə dinamikası;

- disparitetlik;

- maliyyə əlyetərliyi;

- istehsal və istehlak aktivliyinin dinamikası;

- istehsal olunan məhsullara qarşı artan tələblər (o cümlədən qida təhlükəsizliyi tələbləri) və s.

Qeyd olunan bu amillər aqrar sektorun dinamik inkişafını şərtləndirən fundamental əsaslardır. Odur ki, aqrar sektora kompleks yanaşma tələb olunur. Fəaliyyətlərin əsasən dövlət dəstəyi mexanizmi üzərində fokuslanması gözlənilən nəticələrin əldə edilməsi üçün yetərli deyildir.

Kənd təsərrüfatında köklü islahatlara

başlanılmasından artıq 27 il ötüb. 1995-ci ildə "Sovxoz və kolxozların islahatı haqqında", 1996-cı ildə isə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bununla yanaşı, aqrar islahatlar əhatəli və çoxçeşidli dövlət dəstəyi paketi ilə müşayiət olunmuş və bu paketin həcmi ildən-ilə artan vektor üzrə davam etmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin pul ifadəsində hektara nisbətdə həcmi (şərti olaraq hər hektara düşən manat kimi səciyyələndirsək), qonşu ölkələrlə müqayisədə Azərbaycanda yüksək yerlərdən birini tutur.

Respublikanın aqrar sektorunda mövcud olan potensial resursları səfərbər etməyə zəmin yaradan yeni tənzimləmə mexanizmlərinin hazırlanıb həyata keçirilməsi üçün "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu Fərmanla kənd təsərrüfatında məhz bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanan və qlobal bazar konyukturasında baş verən proseslər nəzərə alınmaqla yeni idarəetmə və yeni tənzimləmə mexanizmlərinin yaradılması nəzərdə tutulmuşdur. Bununla da aqrar sektorda rəqabətədavamlı istehsalın təşkili və inkişafı istiqamətlərinin stimullaşdırılması yönündə layihələrin hazırlanıb həyata keçirilməsi üçün yaxşı zəmin yaradılmışdır.

Beləliklə, aparılan araşdırmalar və təhlillər göstərir ki, Azərbaycanda mövcud olan təbii, maliyyə və insan resursları potensialı aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi, ölkənin idxaldan asılılığının azaldılması və ərzaq təhlükəsizliyinin daxili resurslar hesabına ödənilməsi üçün böyük imkanlar vardır. Mövcud imkanlardan səmərəliliklə faydalanmaq üçün mütəmadi olaraq transformasiya olunan qlobal bazarın konyukturasının tələblərinə, o cümlədən ərzaq məhsullarına qarşı artan qida təhlükəsizliyi tələblərinə adekvat tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Bu məqsədlə, fikrimizcə, nəzərlərin əsasən aşağıdakı əsas istiqamətlər üzrə yönəldilməsi və aidiyyəti dövlət orqanlarının iştirakı ilə koordinasiyalı fəaliyyət mexanizminin yaradılması məqsədəmüvafiq olardı:

- kənd təsərrüfatında resursların konsolidasiyası və torpaq bazarının formalaşması;

- müasir texnoloji tələblərə adekvat aqrotexniki xidmət bazarının yaradılması və suvarma sisteminin islahatı və sudan istifadə mexanizminin bazar prinsipləri əsasında qurulması;

- fermerin maliyyə əlyetərliyinin asanlaşdırılması və rəqabətədavamlılığın gücləndirilməsi;

- qiymət disparitetliyinin fermerə təsirinin azaldılması, emal sənayesinin inkişafı və inhisarçılığa və ədalətsiz rəqabətə qarşı mübarizə.

Qeyd olunan bu tədbirlər bir-biri ilə sıx bağlı olduğu üçün onların əlaqəli surətdə, kompleks olaraq həyata keçirilməsi aqrar sektorun hazırkı inkişaf mərhələsində mövcud olan resursların konsolidasiyası və onlardan istifadənin optimallaşdırılmasına geniş imkanlar açacaqdır.

Torpaq islahatı həyata keçirilərkən xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan 1,7 milyon hektar kənd təsərrüfatına yararlı torpaqların keyfiyyət qrupları və banitet şkalası nəzərə alınmaqla bərabər, kadastr dəyəri bazis götürülərək, torpaq payı almaq hüququ olan hər bir vətəndaşa əvəzsiz pay torpağı kimi verilməsi qanunvericiliklə təsbit olunmuşdur.

Kənd təsərrüfatı torpaqlarının individualizm əsasında özəlləşdirilməsinin əsas üstünlükləri bununla izah olunurdu ki, torpaq payı alan vətəndaşlar sonradan öz paylarını könüllülük prinsipləri əsasında birləşdirərək iri təsərrüfat subyektlərinin formalaşmasına üstünlük verəcəklər. Lakin təcrübə göstərdi ki, torpaq payçılarının tam əksəriyyəti torpaqların konsolidasiyasına heç də meyilli olmamışdır. Hazırda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərini becərdikləri əkin sahələrinin ölçülərinə nəzərən təsnifatlaşdırsaq görərik ki, özəlləşdirilən torpaqların 20 faizi - 2 hektar; 65 faizi - 10 hektar; 10 faizi - 50 hektar; cəmi 5 faizi isə 50 hektardan artıq sahəyə malik olan təsərrüfatlarda becərilir. Beləliklə, Respublika üzrə kənd təsərrüfatı istehsalına cəlb olunmuş torpaqların 85 faizinin 10 hektara qədər sahəsi olan xırda fermer təsərrüfatlarında becərilməsi kənd təsərrüfatında kəskin pərakəndəliyin üstünlük təşkil etdiyinin göstəricisidir. Məhz belə pərakəndəliyin nəticəsidir ki, hazırda kənd təsərrüfatında istehsalın təşkili, idarə edilməsi və marketinq sahəsində bəzi problemlər yaşanmaqdadır.

Qeyd etmək lazımdır ki, aqrar islahatların hazırkı mərhələsində mövcud olan resursların, xüsusən də aktiv kənd təsərrüfatı istehsalına cəlb olunmuş torpaqların konsolidasiya olunması istiqamətində ciddi səylər göstərilir və bu yöndə müxtəlif ideya və konseptual yanaşmalar üzərində iş aparılır. Belə olan halda, sadə bir sualın cavablandırılmasına zərurət yaranır: arzuolunan konsolidasiyanı hansı üsullarla təmin etmək olar? Bununla əlaqədar bir neçə hal mümkün ola bilər:

- inzibati-direktiv;

- təbliğat-təşviqat;

- stimullaşdırıcı.

Bu yanaşmalardan birincisi, təbii ki, istisnadır. Yəni xüsusi mülkiyyətdə olan resursların inzibati-direktiv yollarla bu və ya digər formada cəmləşdirilməsi Azərbaycanın iqtisadi-siyasi quruluşuna ziddir və mümkün hesab edilə bilməz. Deməli, əsas səylər təbliğat-təşviqat və stimullaşdırıcı tədbirlərinin həyata keçirilməsinə yönəldilməlidir.

Azərbaycanın, o cümlədən də transformasiya yolunu keçmiş qonşu ölkələrin təcrübəsi göstərir ki, dövlət tərəfindən bu və ya digər formada güclü paritet dəstək alan fermerlərin konsolidasiyası/kooperasiyalaşması üçün təbliğat-təşviqat tədbirləri gözlənilən nəticələrin əldə olunması üçün elə də təsirli vasitə deyildir. Araşdırmalar göstərir ki, bir çox hallarda fermerlər sadəcə olaraq dövlət dəstəyi paketindən yararlanmağa daha çox səylər göstərirlər, nəinki rentabelli və bazarda özünə yer tuta biləcək rəqabətli istehsal vahidlərinin yaradılmasına.

Lakin fermerlər tərəfindən belə bir yanaşma bazar münasibətləri baxımından heç də əlverişli bir seçim deyildir. Mütəmadi olaraq dövlət tərəfindən kənd təsərrüfatı istehsalına total yardım göstərilməsi və subsidiyalaşdırılması sahənin inkişafına heç də müsbət təsir göstərməyəcəkdir. Dövlət dəstəyi paketi ancaq stimullaşdırıcı mexanizm kimi istifadə olunduqda hərəkətverici güc rolunda təsir edə bilər. Bu baxımdan hazırda tətbiq olunan istehsala subsidiya mexanizmindən tədricən və mərhələli qaydada məhsula görə subsidiya alətinə keçilməsi yönündə işlərə başlanılması mühüm əhəmiyyət kəsb edir. Bu zaman, paralel olaraq, bazar konyukturasının inkişafına dəstək paketinin hazırlanıb reallaşdırılması, bazar iştirakçılarının aktivliyinin dinamikləşdirilməsi və sərbəst, ədalətli rəqabət mühitinin yaradılması üzrə tədbirlərin görülməsi aqrar sektorun növbəti inkişaf mərhələsinə keçməsi üçün bazis rolunu oynaya bilər.

Məlum olduğu kimi, bazar iqtisadiyyatı sistemində inkişafın hərəkətverici əsas qüvvəsi sağlam rəqabətdir. Bu baxımdan, resursların konsolidasiyası strategiyasında rəqabətədavamlılıq mühüm rol oynamalıdır. Yəni rəqabətədavamlı olmayan xırda fermerlər təbii ki, çıxış yolunu kooperasiyada olduğunu praktiki olaraq öz fəaliyyətlərində hiss edəcək və beləliklə də tədricən kənd təsərrüfatında resursların konsolidasiyası prosesinə qoşulacaqlar.

Konsolidasiya prosesinin səmərəli və müasir tələblər səviyyəsində baş tutması üçün təbii ki, torpaq resurslarının qiymətləndirilməsi və funksional torpaq bazarının formalaşması olduqca önəmlidir.

Köçəri İMANOV,

texniki elmlər üzrə fəlsəfə doktoru.