Aqrar sahə: Quşçuluğun inkişafına dövlət dəstəyi
İQTİSADİYYAT

Aqrar sahə: Quşçuluğun inkişafına dövlət dəstəyi

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında heyvandarlıq, o cümlədən quşçuluq məhsulları müstəsna rol oynayır. Çünki respublikamızda bir adamın ətə olan illik istehlak tələbatı 38, eləcə də quş ətinə olan istehlak norması 8 kiloqramdır. İnsanların il ərzində 150 ədəd yumurta yeməyə, 220 kiloqram süd içməyə ehtiyacı var.

Elə buna görə də respublikamızda heyvandarlığın inkişafı həmişə dövlətin prioritet vəzifələrindən sayılıb. Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində dövlət tərəfindən bir sıra mühüm addımlar atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən il iyulun 1-də imzaladığı "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Fərmanına əsasən, quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarının idxalı ƏDV-dən azad edilib. Nəticə çox müsbət olub. Belə ki, ötən il ölkədə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 3 faiz artaraq 628 min ton, süd istehsalı 2 milyon 264,7 min ton (əvvəlki ildəkindən 1.9 faiz çox), yumurta istehsalı 2 milyard 18,1 milyon ədəd (9,8 faiz çox) olub.

Qeyd edək ki, cənab Prezidentin qeyd edilən Fərmanına əsasən, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi.

Azərbaycanda quşçuluq sektorunun dinamik inkişafını təmin etmək məqsədilə Nazirlər Kabineti bu il fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb. Fevralın 27-də isə Prezident İlham Əliyevin Fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddəti 2024-cü ilin 1 yanvarına qədər artırılıb.

Göründüyü kimi, dövlətimiz quşçuluğun inkişafına ardıcıl dəstəyini davam etdirir və bu da gələcək dövr üçün də ərzaq bolluğu təminatına möhkəm zəmin yaradır.

N.ƏHMƏDOĞLU,

"Respublika".