Aqrar sahə ən müasir texnika və istehsal vasitələri ilə təmin olunub
İQTİSADİYYAT

Aqrar sahə ən müasir texnika və istehsal vasitələri ilə təmin olunub

Dövlət başçısının və hökumətin gördüyü ardıcıl tədbirlər sayəsində kənd təsərrüfatının texnika ilə təminatı misilsiz dərəcədə yaxşılaşdırılıb və onların fermerlər, sahibkarlar üçün əlçatanlığı təmin edilib

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və memarlığı ilə həyata keçirilən aqrar islahatlar ölkədə reallaşdırıldıqdan sonra kəndin qarşısında duran ən mühüm problem müasir texnika çatışmazlığı idi. Belə ki, texnikaların köhnə olması, yararsızlığı və çatışmaması, həmçinin, aqrar bölmədə mexanikləşdirmə işlərinin gecikdirilməsi və keyfiyyətsiz aparılması təkcə taxılçılıqda hər hektara 531,7 min, pambıqçılıqda isə 343,6 min manatlıq məhsulun zay olması, itkiyə getməsi ilə nəticələnirdi. Aqrar bölmənin digər sahələrində də vəziyyət belə idi.


Beş il ərzində (1985-1990) ölkəyə cəmi 18 min 500 ədəd traktor, 3032 ədəd taxılyığan kombayn gətirilmişdisə, bu rəqəmlər növbəti 5 ildə (1995-2000) daha da aşağı düşdü. Müvafiq olaraq cəmi 98 traktor və 59 kombaynla nəticələndi.

Ona görə də 2000-ci illərin əvvəllərində kəndin müasir texnika ilə təmin olunması dövlətin qarşısında duran ən mühüm vəzifə idi. Bu baxımdan dövlət başçısı İlham Əliyevin “Aqrolizinq” ASC-nin yaradılması barədə məşhur sərəncamı (23 oktyabr 2004-cü il) aqrar bölmənin texnika ilə təminatında müstəsna rol oynadı. ASC-nin əməli fəaliyyətə başlamasından cəmi 15 il keçməsinə rəğmən, kənd təsərrüfatı dünyanın ən müasir taxıl, pambıqyığan kombaynları, şum, becərmə və nəqliyyat traktorları, müxtəlif yedəklər, toxumsəpən texnika və aqreqatları, qoşqu vasitələri və s. ilə mükəmməl təchiz edilib. İndi Azərbaycanın kənd təsərrüfatı texnikaları, obrazlı ifadə ilə desək, “ən müasir bir texnika ordusu”dur.

Bunun ardınca qəbul edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı II (2004-2008-ci illər) və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kəndlərimizin həm sosial-iqtisadi inkişafında, həm də texnika probleminin həllində əhəmiyyətli rol oynadı. Bu 10 ildə kənd təsərrüfatının ümumi məhsulu 1,5, üzüm istehsalı 2,4 dəfə, taxıl istehsalı 43,9, kartof istehsalı 29,1, tərəvəz 17,8, bostan məhsulları 20,5, meyvə və giləmeyvə 49,1 faiz artdı.

Heç şübhəsiz, kənd təsərrüfatında əldə olunan bu nailiyyətlərdə aqrar bölmənin maddi-texniki bazasının gücləndirilməsi müstəsna rol oynayırdı. Ona görə də şifahi nitqdə III Dövlət Proqramı kimi (2014-2018-ci illər) səsləndirilən sənəddə əsas hədəflər bunlar idi:

- aqrar bölmənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi;

- bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturların yaradılması.

Yəni III Dövlət Proqramının həyata keçirilməsi təkcə kəndin texnika problemini daha da gücləndirmək deyil, bununla paralel Kənd Təsərrüfatı Nazirliyi sistemində yeni strukturlar yaratmaq, kənddə məhsul istehsalçılarına kömək edəcək bu işi tənzimləyəcək yeni strukturlar yaratmaq və bu yolla işin daha səmərəli həllinə nail olmaq idi.

Prezident İlham Əliyev bütün məruzə və çıxışlarında kənd təsərrüfatının texnika ilə təmin olunmasına böyük önəm verir. Sabirabadda keçirilən (17 sentyabr 2016-cı il) pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlət başçısı bildirib ki, fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın pul verilir. Kənd təsərrüfatı texnikaları, gübrələr, yanacaq isə fermerlərə güzəştli şərtlərlə verilir.

Daha sonra Prezident deyib: “Bu il pambıqçılığın sürətli inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınmışdır. Onlardan 100-dən çoxu pambıqyığan kombayndır. Əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək”.

Bu, təkcə bir tədbirdən — Sabirabad rayonundakı müşavirədən gətirilən qeydlərdir. Halbuki Saatlı (28 mart 2017-ci il) müşavirəsində də bu mövzu diqqətdə saxlanılmışdır.

Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsində (26 mart 2018-ci il) isə mövzu daha geniş araşdırılmışdır.

“Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılmışdır. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə pambıqyığan 100 kombayn alınacaq”.

Daha sonra dövlət başçısı həmin müşavirədə qeyd edib ki, ümumiyyətlə, 10 minə yaxın texnika almışıqsa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə, texnikanın alınması üçün hər il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək.

“Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər?”

Bu fikirlər isə 19 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək işlərə həsr edilən müşavirədə səsləndirilib. Daha sonra müşavirədə dövlət başçısı deyib:

“Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldar və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlardır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü”.

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfransda Prezident İlham Əliyev deyib ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda isə dövlət başçısına məlumat verilib ki, göstərilən ilin yanvarından etibarən fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi (EKTS) üzərində aparılıb. Bu günədək EKTS-də 546 mindən çox fermer qeydiyyatdan keçib.

Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Dövlət başçısının imzaladığı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman (17 avqust 2020-ci il) aqrar bölmədə məhsul istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmət göstərilməsi ilə bağlı işlərin səmərəsini artırmaq və sistemliliyin təmin edilməsi məqsədini daşıyır.

Fərmanda qərara alınınr ki, bundan sonra “Aqrolizinq”in adı dəyişdirilsin və o, “Aqroservis” ASC adlandırılsın. Həmçinin qərara alınır ki, “Aqroservis” ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı məhsul istehsalçıları istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı və s.) aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə işlərin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.

Həmin fərmana əsasən kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, suvarma sistemi dəsti və avadanlıqlarının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılması və s. vəzifələr bundan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə olunur.

Fermer kreditə götürdüyü texnikanın ilkin olaraq yalnız 20 faizinin pulunu ödəyir ki, bu da fermerlər üçün əlçatandır. Bundan başqa, fermerlərin, sahibkarların texnikaya əlçatanlığını təmin etmək üçün müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə kreditlərin götürülməsinə köməklik göstərilir, texnikaya yardım layihələri də var.

Aqrar Kredit və İnkişaf Agentliyi vəsaiti hesabına kənd təsərrüfatı kreditləri cəmi 7-12 faizlə verilir. Belə ki, sahibkar texnika alarkən onun pulunu ilkin olaraq yalnız 20 faizini ödəyir, 40 faiz isə dövlət tərəfindən subsidiya (güzəşt) kimi ödənilir. Qalan məbləğ isə bank tərəfindən faizsiz kredit yolu ilə həll edilir.

Beləliklə, Prezident İlham Əliyevin dönəmində aqrar sahəyə göstərilən ardıcıl qayğı, dövlət dəstəyi, sahənin ən müasir texnika və istehsal vasitələri ilə təchiz edilməsi, texnikaların fermerlər üçün əlçatan olması kənd təsərrüfatında məhsul bolluğuna səbəb olub. Ötən il onlar taxılçılıqda yüksək nailiyyətlər əldə ediblər. 3 milyon tondan artıq taxıl əldə olunaraq hər hektardan məhsuldarlıq 32 sentnerə qaldırılıb.

Pambıqçılar da rekord nəticəyə nail olublar. 336,8 min ton “Ağ qızıl” toplanaraq məhsuldarlıq hər hektardan 33,6 sentnerə yüksəlib. Aqrar bölmənin digər sahələrində də belə ürəkaçan vəziyyət mövcuddur.

Nəriman CAVADOV,

“Respublika”.