Aqrar emal sənayesi
İQTİSADİYYAT

Aqrar emal sənayesi

Sahənin logistikası da müasir texnologiyalara əsaslanır

Gənc və müstəqil Azərbaycan dövləti XXI əsrə qədəm qoyduqda onun iqtisadiyyatı getdikcə güclənir, inkişaf edirdi. Amma təəssüf ki, emal sənayemiz buna adekvat deyildi. Aqrar emal sənayesində isə vəziyyət daha ağır idi.

O vaxt üçün (2000-ci illərin əvvəllərində) əhalisi 2 milyon nəfərdən artıq olan paytaxt Bakı şəhərində, eləcə də digər iri şəhərlərdə kənd təsərrüfatı məhsullarının topdansatış mağazası (ticarət mərkəzi) yox idi. Meyvə və tərəvəzin yerlərdə tədarükü, ixtisaslaşdırılmış soyuducu nəqliyyat vasitələrində daşınması həyata keçirilmirdi. Bu isə məhsul itkisinə səbəb olur, bazar, emal, satış strukturunun zəifliyi ucbatından meyvə və tərəvəzin təqribən 30, hətta bəzən 50 faizi zay olurdu.

Təxmini hesablamalara görə, o vaxt üçün respublika əhalisinin meyvə konservlərinə olan tələbatı təxminən 90 milyon şərti banka, tərəvəz konservlərinə tələbat da elə o qədər idi. Amma 2001-ci ildə ölkədə cəmi 5 milyon şərti banka konserv məhsulları istehsal edilmişdi ki, bu da daxili tələbatın yalnız 1,3 faizini ödəyə bilərdi.

Daxili tələbat isə idxal hesabına ödənirdi. Məsələn, təkcə 2001-ci ildə Azərbaycana idxal olunan meyvə şirələri, konservlər, cemlər ölkəyə 3 milyon ABŞ dollarına başa gəlmişdi.

Ət və süd məhsulları emalı müəssisələrinin işini də müasir tələblərə uyğun, yeni texnologiyalar əsasında qurmaq lazım idi. Çünki tez xarab olan ət və süd məhsullarının 20-60 faizi bu səbəbdən istehlakçılara çatmırdı. 2001-ci ildə ölkədə cəmi 42 ədəd konserv, 32 süd emalı müəssisəsi və sexi, 15 ədəd ət emalı kombinatı və sexi mövcud idi, qəribə də olsa, heç bir şəkər zavodu yox idi.

Ölkədə aqrar emal sənayesini yaratmaq, qismən mövcud olan, köhnəlmiş texnologiyalara əsaslanan müəssisələri isə müasir standartlara uyğun yenidən qurmaq lazım idi. Prezident İlham Əliyevin düşünülmüş düzgün iqtisadi siyasəti və qətiyyəti, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası bu problemi birdəfəlik həll etdi.

İstər “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi Dövlət Proqramı (2004-2008-ci illər)”, istərsə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar emal sənayesinin inkişafı ana xətt təşkil edirdi.

Təsadüfi deyil ki, 2 Dövlət Proqramının uğurlu icrası nəticəsində sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələri məhsulunun payı 2003-cü ildəki 56,8 faizdən sonrakı 10 ildə 81,4 faizə qalxmışdı. Yəni regionlarda onlarca meyvə, tərəvəz, konserv, şəkər çuğunduru emalı müəssisəsi və sexləri, ət, süd məhsulları emalı zavodları, şüşə qablar istehsalı müəssisəsi yaradılmışdı.

Nəticədə 2012-ci ildə qida məhsulları istehsalının dəyəri 2 milyard 480 milyon manat təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 3,5 milyard manata yaxınlaşdı. Təbii, aqrar emal sənayesinin tütün məmulatları, toxuculuq sənayesi və s. sahələri də vardı ki, bunlar qeyri-qida müəssisələridir. 2019-cu ildə tütün məmulatları istehsalının dəyəri 250 milyon manata, toxuculuq sənayesi məhsulları istehsalının dəyəri isə 300 milyon manata yaxınlaşmışdır.

Lakin hələ bu da qənaətbəxş deyil. Çünki 19 dekabr 2019-cu ildə (bu, pambıqçılığın inkişafına həsr olunan, hələ ki, sonuncu müşavirə sayıla bilər) Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunlarına həsr olunan tədbirdə dövlət başçısı deyib: “Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Bu, pis göstərici deyil. Ancaq çalışmalıyıq ki, mahlıc 100 faiz emal olunsun”.

3 fevral 2020-ci il tarixdə keçirilən regionlara aid konfransda da bu məsələ diqqət mərkəzində olub. Konfransda dövlət başçısı İlham Əliyevə məruzə edilib ki, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar növbəti illərdə də emal sənayesinin sürətli inkişafını hədəfləyəcəklər.

Sözün bu məqamında emal sənayemizin logistikasından və bu sahədəki inkişafdan da söhbət açmaq lazım gəlir. Logistika-məhsulun, əmtəənin, servisdə müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər hərəkətin idarə olunmasına deyilir. Bu anlayışa nəqliyyat, xidmət, anbar, materialların kompleksləşdirilməsi, hərəkətin təhlükəsizliyi haqqında anlayışlar da daxildir.

Bir elm sahəsi kimi, o, XX əsrin ortalarında ABŞ-da formalaşıb. Lakin onun etimologiyası lap qədim dövrlərə gedib çıxır. Hərbi logistika, biznes logistikası, anbar logistikası, informasiya logistikası, tədarük, satış logistikaları və s. sahələri var.

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” şaxələndirilmiş, rəqabətli və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanmışdır.

İndi Azərbaycanda logistika müasir standartlara, yeni texnologiyalara əsaslanır. Yəni indi tez xarab olan ət və süd məhsulları 20 il bundan qabaq olduğu kimi yox, yeni texnologiyalı, soyuducu sistemlərə malik maşınlarla daşınır. Saxlamaq lazım gəldikdə isə bu iş üçün tikilən xüsusi soyuducu anbarlar var.

Nəriman CAVADOV,

“Respublika”.