Aprel döyüşlərində və Vətən müharibəsində şücaət göstərdi
Sosial həyat

Aprel döyüşlərində və Vətən müharibəsində şücaət göstərdi

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-hücum ilə təxribatların qarşısını aldı. Faşist xislətli ermənilərə ağır zərbələr endirildi. Müzəffər Azərbaycan Ordusu öz canları, öz qanları bahasına şanlı qələbə qazandı. Düşmənin öz ordusu haqqında formalaşdırdığı yanlış təsəvvürləri, əfsanələri yerlə-yeksan olundu.

Aprel döyüşlərində qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Cavid Alışov silaha sarılaraq ölüm-dirim savaşında düşmənə sarsıdıcı zərbələr endirdi, heç vaxt ölümündən qorxmadı. Əsgərlərin vuran əli idi.

2016-cı ilin Aprel döyüşləri Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı, strateji yüksəkliklər mənfur düşməndən azad olundu. Həmin döyüşlərdə Cavid də öz sözünü dedi, qalib əsgərlərdən biri kimi doğma şəhərləri Naftalana qayıtdı. Qohum-əqrəba, tay-tuşları, xüsusilə sevimli müəllimləri onu fərəh hissi ilə qarşıladı. Vaxt itirmədən Cavid 2 nömrəli məktəbə baş çəkib, qəlbinin hərarətini, gözlərinin nurunu onun təlim-tərbiyəsinə sərf edən sevimli müəllimləri ilə görüşdü.

2020-ci il sentyabrın 27-də “məğlubedilməz”, “dənizdən-dənizə”, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni daşnakları yenidən torpaqlarımızı ələ keçirmək məqsədilə təxribata əl atdı, mülki insanlar, qəsəbə və kəndlərimiz atəş altında qaldı. Vətən müharibəsi başlayanda bütün tay-tuşları kimi Cavid də döyüşlərə can atdı. Ərazilərimizin müdafiəsinə yollanmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə müraciət etdi. Ürəyi odlu, səngərlərdə düşmənə qarşı igidliklə vuruşan Azərbaycan əsgərlərinin yanında idi.

Günlərin bir günündə Cavid yenidən odlu səngərlərə, İkinci Qarabağ savaşına yollandı. 44 gün döyüşən əsgərlərimizin, zabitlərin arasında oldu. Ən çətin tapşırıqların iştirakçısına çevrildi. Döyüşçü yoldaşlarını əmin edirdi ki, çox tezliklə ermənilərin “dərsi” veriləcək, Müzəffər Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradacaq, 30 ildə yaratdıqları istehkamlar, canlı qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız geri qaytarılacaqdır.

...Qaranlıq bir gecə idi. Cavid və onun döyüşçü yoldaşları Füzulinin Əhmədli kəndi ətrafında mövqe tutmuşlar. Azərbaycan əsgərləri bilirdilər ki, düşmənin döyüşçüləri heç də uzaqda deyil. Kəşfiyyatçılarımızın sayıqlığı, cəsarəti sayəsində əsgərlərimiz düşmənin ağlına gəlməyən bir qayalıqdan qəflətən hayları (erməniləri) mühasirəyə aldılar. Onlara qol-qanad verilmədi, neçələri leş-leşə söykəndi, bəziləri isə döyüş meydanından qaçıb canını qurtardı.

Düşmənə hər dəfə ağır zərbələr endiriləndə Cavid qürur hissi keçirirdi ki, çox tezliklə o, doğma şəhəri Naftalana qalib əsgər kimi dönəcəkdir.

Cavid Alışov Vətənə, xalqına sidq ürəklə bağlandığını Talış kəndinin erməni quldurlarından azad olunmasında bir daha nümayiş etdirdi, Suqovuşanın ələ keçirilməsi isə onun sevincini birə-beş atrırırdı.

Özünün deməsinə görə, Şuşanın alınması xəbərini eşidəndə sevinc yaşları onu boğdu, şanlı qələbəni qazanan Vətən oğullarına əhsən dedi, özü də min əhsən!

Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Cavid rəşadətli döyüş yolu keçdi, qürur hissi keçirirdi ki, addım-addım döyüşlərdə düşmənə qarşı öz sözünü deməyi bacardı. Ailələrinə 2 müharibənin iştirakçısı kimi döndü.

Cavidlə biz yaxınlarda iş yerində Naftalanın “Qaşaltı” sanatoriyasında görüşdük. Kimlə söhbət etdiksə hamı xəstələrə nümunəvi qulluq edən bir insan kimi Caviddən ürəkdolusu danışdı. O, hər gün neçə-neçə adamları müalicə otaqlarına yola salır, onlara sağlamlıqlarını qorumaq üçün dəyərli məsləhətlər verir.

Cavid Alışov Vətən müharibəsində şəxsi şücaət göstərdiyinə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Füzulinin azad olunması” və “Suqovuşanın azad olunması” medallarına layiq görülmüşdür.

Qədir ASLAN,
“Respublika”.