Aparılan islahatlar firavan gələcəyin təminatıdır
Sosial həyat

Aparılan islahatlar firavan gələcəyin təminatıdır

Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsini qayğı ilə əhatə edən dövlət daha güclüdür. Bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi gənc Azərbaycan dövləti üçün hər zaman prioritet olmuşdur.

Respublikamızda həyata keçirilən inkişaf strategiyası ölkədə yoxsulluq səviyyəsinin azaldılmasını, əhalinin maddi rifahının yaxşılaşdırılmasını, işsizliyin aradan qaldırılmasını, xüsusilə gənclərin faydalı məşğulluğunun artırılmasını, rayon və kənd yerlərində sosial-məişət şəraitinin yaxşılaşdırılmasını, o cümlədən təhsil sahəsində aktual problemlərin həlli kimi strateji istiqamətləri özündə əks etdirir.

Ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar sayəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam edir. Mühüm infrastruktur layihələr uğurla icra olunur, xüsusilə də nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atılır. Hazırda sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması ölkəmizin tərəqqi yolunda olduğunu göstərir. İqtisadiyyat, qeyri-neft sektoru dayanıqlı şəkildə inkişaf edir.

Hökumətin son illərdə həyata keçirdiyi bir çox infrastruktur layihələri məhz sosial mahiyyət kəsb edir. Yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi—bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir.

“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” - deyən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də məhz respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında Pensiya Təminatı Sisteminin İslahatı Konsepsiyası” əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirmişdir. Sosial təminat sisteminin gücləndirilməsinə dövlət qayğısı bu sistemin mühüm komponentini təşkil edən pensiya təminatının da mütəmadi artırılmasına şərait yaradır. Son illər bu istiqamətdə mühüm addımlar atılıb.

2019-cu ildə 4,2 milyon vətəndaşın gəliri, 650 min pensiyaçının minimum pensiyası, həmçinin əməkhaqlarının artımı ilə əlaqədar bir sıra kateqoriyadan olan, o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəlilərin və başqalarının pensiyaları artırılmışdır. Beləliklə, 750 min pensiyaçının pensiyasında ciddi artım baş vermişdir. 2020-ci ilin əvvəlindən ilk dəfə olaraq pensiyaların ən yüksək səviyyədə - 16,6 faizlik indeksasiya ilə artımı reallaşdırılıb.

Dövlət başçısının müvafiq fərmanları ilə 2021-ci ilin əvvəllərində sosial ödənişlərdə artım tendensiyası davam etdirilib. Belə ki, 2021-ci il yanvarın 1-dən Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7, Azərbaycanın Milli Qəhrəmanları üçün 20, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50 faizdən çox artırılıb. Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü (2000) təsis olunub. Eyni zamanda, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addım oldu. Sərəncamla 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 faiz artırıldı. Pensiyalarda bu növbəti artım ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 faizini əhatə edib. Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldilməsi nəzərdə tutulub. Ötən il pensiya təminatı sahəsində aparılan islahatlar nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəliri 364,4 milyon manat artaraq 4 milyard 116 milyon 700 min manat təşkil etmiş, ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 256 manatdan 295 manata yüksəlmiş, başqa sözlə, 15,3 faiz artmışdır. Əmək pensiyalarının minimum məbləği isə 119 manatdan 200 manata çatmış, yəni 72 faiz təşkil etmişdir. Bu artım 600 min nəfər pensiyaçının həyat səviyyəsinin yüksəldilməsinə təsir etmiş, bütün bu islahatlar nəticəsində isə minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında 1-ci yerə yüksəlmişdir.

2021-ci il aprelin 1-nə olan məlumata görə Azərbaycanda son 3 il ərzində orta aylıq pensiya 60 faiz artaraq 332 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb. 2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36 faiz artaraq 4,5 milyard manat təşkil edib. 2020-ci ildə də pensiya, Prezident təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldildi. Minimum və orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxladı. Sosial ödənişlərdə artım bu ilin əvvəlindən də davam etdirilir. Fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8 faiz artırılıb. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

2019-cu ilin əvvəlində ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Sonrakı dövrdə 24 növ müavinət və təqaüd təyinatları da elektronlaşdırılıb. Nəticədə pensiya, müavinət, təqaüd hüququ yaranmış şəxslərə özləri müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan, tam şəffaf şəkildə sosial təminat növləri təyin edilir və elektron qaydada onlara bu barədə məlumat verilir. Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub. Ümumilikdə isə bu il aprelin 1-nə kimi 33,5 min pensiya təyinatı, 110 min müavinət və təqaüd təyinatı elektron qaydada həyata keçirilib. Bu e-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə, müharibə əlillərinə sosial ödənişlərin operativ və proaktiv qaydada təyinatına imkan verib.

Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə də xüsusi yer ayrılır. “Özünüməşğulluq proqramı” hazırda ölkəmizdə uğurla həyat keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq üçün dəstək verir. 2020-ci ildə proqrama 12 min nəfər cəlb olunub. Cari ildə onların sayının 16 minədək artırılması planlaşdırılır.

Ölkəmizdə əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı dövlət başçısının sosial-iqtisadi inkişaf siyasətinin başlıca hədəfləri sırasındadır. İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlar dərinləşdikcə ölkə vətəndaşlarının yaşayış səviyyəsi də yüksələcək, onların sosial rifahı yaxşılaşacaq, davamlı inkişaf təmin ediləcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.