Aparıcı gənclər təşkilatları Ağdama səfər ediblər
Digər xəbərlər

Aparıcı gənclər təşkilatları Ağdama səfər ediblər

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 14-də 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənahəli xanın imarətini, İmarət stadionunu, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Gənclər dövlətimizin başçısının Ağdama səfəri zamanı vurğuladığı “Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq” sözlərini bir daha xatırlayıb, həmçinin Ağdamın Baş planı ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov gənclərə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib.

Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək.

Gənclər Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olublar. Diqqətə çatdırılıb ki, “Qafqazın Xirosiması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Səfərdə iştirak edən nümayəndələr Qarabağ torpağının ölkəmiz üçün əhəmiyyətini, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaq, bundan sonra da haqq səsimizi geniş miqyasda yaymaq üçün gənclərin fəaliyyətinin artacağını qeyd ediblər. Xatırladaq ki, gənclər təşkilatları Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında hər zaman fəal iştirak ediblər.

Gənclərin azad olunmuş Ağdama səfəri, 44 günlük Vətən müharibəsindəki Zəfərlə bağlı təəssüratları dinlənilib, xatirə fotosu çəkdirilib.

AZƏRTAC