Aparıcı biznes qurumları ilə görüş
İQTİSADİYYAT

Aparıcı biznes qurumları ilə görüş

İyunun 9-da Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərbası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva, ölkənin aparıcı biznes qurumlarının rəhbər şəxsləri və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi, potensial investorlardan təkliflərin toplanması və təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı haqqında geniş məlumat verib. Qeyd edib ki, Parkın konsept-layihəsi hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək. İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunduğunu xüsusi vurğulayıb.

“Respublika”.