Antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə işi aparılır
Səhiyyə

Antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə işi aparılır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə (18-24 noyabr) həsr olunmuş dəyirmi masa təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd maraqlı tərəfləri bir araya toplayaraq sözügedən mövzu ətrafında müzakirələr aparmaq və əhali arasında maarifləndirmənin səviyyəsini yüksəltmək üçün səmərəli həll yollarını müəyyənləşdirməkdir.

Tədbirdə ÜST, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məsul əməkdaşları iştirak ediblər və antimikrob preparatlara qarşı davamlılıqla mübarizədə insan, heyvan və ətraf mühiti ehtiva edən vahid sağlamlıq yanaşması haqqında çıxışlar və müzakirələr aparıblar.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı maarifləndirmə həftəsinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatına laboratoriya şəraitində təsdiqlənmiş 3 milyondan çox yoluxma halı və həmin xəstəliklərin antimikrob preparatlara qarşı davamlılığı barədə məlumatlar daxil olub: "Bu, rekord göstəricidir. Bu səbəblər də nəzərə alınaraq ÜST qlobal antimikrob preparatlara davamlılıq üzrə nəzarət sistemi yaradılmasını təmin edib və bu istiqamətdə işləri davam etdirir. Həmin nəzarət sistemi hazırda antimikrob preparatlara qarşı daha geniş nəzarət mexanizmini həyata keçirməyə imkan verir. Sistem nəticəsində antimikrob preparatların istehlakını qlobal səviyyədə ölçmək mümkündür".

H.Harmancı, həmçinin qeyd edib ki, antibiotiklərdən individual şəkildə və səhiyyə müəssisələrində istifadəsi problemi COVID-19 pandemiyası nəticəsində daha da pisləşib: "Antibiotiklərin COVID-19 infeksiyasını müalicə etməməsinə və qarşısını almamasına baxmayaraq, antibiotiklərdən istifadə pandemiya dövründə daha da artıb. Araşdırmalara əsasən, koronavirus xəstələrinin 75 faizi müalicədə antibiotiklərdən istifadə edir".

Dəyirmi masada çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da antibiotiklərin ziyanlarından bəhs edib: "Bakteriyalar yeni yaradılmış antibiotiklərə qarşı 3-4 il ərzində davamlılıq qazanırlar. Ona görə də bir neçə il əvvəl istifadə edilən çox güclü antibiotiklər bu gün xəstəxanaların reanimasiya şöbələrində istifadə edilmir. Yəni başa düşmək lazımdır ki, hər dəfə daha güclü antibiotiklər istehsal və istifadə etmək belə preparatlara qarşı dayanıqlılığın yaranması problemini həll etmir. Belə dəyirmi masaların təşkili, müzakirələrin aparılması problemin həlli istiqamətində vacibdir".

Hər il dünya əhalisinin təxminən 700 min nəfərdən çoxu antibiotik preparatlarına qarşı dayanıqlılığı səbəbindən həyatını itirdiyini deyən Səhiyyə Nazirliyinin mütəxəssisi Nəzifə Mürsəlova bildirib ki, milyonlarla vəsait məhz antibiotik preparatlara dayanıqlılığa görə iqtisadi itkiyə yol açır: "COVID-19 pandemiyası antibiotik preparatlarından istifadənin azaldılmasının vacibliyini bir daha gündəmə gətirib. Antibiotiklərdən pərakəndə istifadə acı fəsadlara səbəb olur. Aidiyyəti qurumlar arasında təşkil edilən bu cür görüşlər antibiotiklərin pərakəndə istifadəsi probleminin həllinə kömək edir".

ÜST-nin Avropa üzrə Regional Ofisinin antimikrob preparatlara qarşı davamlılığa nəzarət üzrə proqram rəhbəri Danilo Lo Fo Vonq və FAO-nun Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin heyvan sağlamlığı üzrə aparıcı mütəxəssisi Eran Raizman mövzu ilə bağlı təqdimatlar ediblər.

AZƏRTAC