Ankarada “Qafqaz Qartalı-2021” təlimlərində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
Digər xəbərlər

Ankarada “Qafqaz Qartalı-2021” təlimlərində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib

Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında keçirilən “Qafqaz Qartalı-2021” təlimləri başa çatıb. Avqustun 2-də start götürmüş təlimlərə Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin hərbçiləri qatılıblar. Təlimlərdə Azərbaycan xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçuları da iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə məqsəd Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələri arasında dostluq, əməkdaşlıq və qardaşlıq əlaqələrini inkişaf etdirməkdir.

Avqustun 11-də keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Eldəniz Namazov, Rafael Gözəlov, Anar Qasımov və Azərbaycanın  Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov iştirak ediblər.

AZƏRTAC