Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitələri arasında üçtərəfli görüş keçirilib
Siyasət

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitələri arasında üçtərəfli görüş keçirilib

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyev daxildir.

Türkiyə Böyük Millət Məclisində keçirilən görüşdə digər heyətlərə TBMM-nin komitə sədri Akif Çağatay Kılıç, Gürcüstan parlamentinin komitə sədri Nikoloz Samkharadze rəhbərlik ediblər.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunub.

Sonda Azərbaycan, Türkiyə və Gürcüstanın parlament komitə sədrlərinin birgə mətbuat konfransı keçirilib.

Qeyd edək ki, Azərbaycanın parlament nümayəndə heyətinin Türkiyəyə səfəri oktyabrın 20-də başa çatacaq.

AZƏRTAC