Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzinin açılışı
Diaspora

Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzinin açılışı

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini daha uca zirvəyə qaldırdı. Qardaşlıq körpüsünün bağları qırılmaz tellərlə daha da möhkəmləndirildi. Buna bariz nümunə bu günlərdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzinin açılışını göstərmək olar.

Açılış mərasimi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində reallaşıb. Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılış mərasimi keçirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, bu gün iki dövlətin dostluğu ölkəmizin hüdudlarından kənara çıxır və dünyanın diqqət mərkəzindədir: “Cənab Prezidentimiz dəfələrlə dünyaya səslənirdi ki, Azərbaycanla Türkiyənin dostluğundan narahat olmayın, bu dostluğu dəstəkləyin, çünki bu qardaşlıq bir çox ölkələrin, böyük Avrasiyanın sabitliyi deməkdir. Biz də Diasporla iş üzrə Dövlət Komitəsi olaraq çalışırıq ki, əməkdaşlığımızı başqa ölkələrə də sirayət etdirməklə uzun illər həyata keçirilən bu xoşməramlı siyasətə dəstək olaq”.

Mərasimdə həmçinin Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək, 44 günlük Vətən müharibəsində hərbçilərimizin rəşadətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qələbəsindən ətraflı danışıblar. Çıxışlarda vurğulanıb ki, Türkiyənin də siyasi-mənəvi dəstəyi ilə qazanılan parlaq Qələbə bütün türk dünyasının dövlətçilik tarixində yeni şanlı səhifə açıb. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər, orada təsbit olunan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəyliyin göstərilməsi məqsədilə səylərini birləşdirmələri, habelə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyət konsepsiyası müəyyənləşdiriləcək.

Tədbirdə Azərbaycan Evinin işinə uğurlar arzu edilib və vurğulanıb ki, bura Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də bütün azərbaycansevərlər üçün doğma məkana çevriləcək. Mərasim boyu “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirilib.

Açılış mərasimində Azərbaycan-Türkiyə əlaqələrində xidməti olan qonaqlar Azərbaycan Evi adından mükafatlandırılıb. Sonra iştirakçılar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun da yerləşdiyi Azərbaycan Evi ilə yaxından tanış olublar.

Esmira Yazkan ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.