Anım gününə hazırlıq
Region

Anım gününə hazırlıq

27 sentyabr 2020-ci il - Azərbaycanın tarixinə qızıl sətirlərlə yazılan gün...  Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin  əmri ilə Azərbaycan Ordusu doğma Qarabağın 30 illik işğalına son qoymaq üçün Vətən müharibəsinə başladı.

Döyüşün elə ilk saatlarında cəbhədən  şad xəbər gəldi; Cəbrayıl rayonunun Nüzgar kəndi erməni işğalçılarından azad olunub. Xəbər təbii ki, hamını sevindirdi. Amma xüsusi şadyanalıq edən, bayram əhvali-ruhiyyəsi yaşayan cəbrayıllılar oldular. Daha sonra qədim Xudafərində, bir qədər  sonra digər kəndlərdə, qəsəbələrdə Azərbaycan bayrağı dalğalandı. Ali Baş Komandanın sərkərdəlik məharəti, Ordumuzun döyüş qabiliyyəti, şəhidlərimizin canı-qanı bahasına yurd yerlərimiz düşmən tapdağından xilas oldu.

Cəbrayıl rayonunda şəhidlərin müqəddəs ruhu əziz tutulur. Müvəqqəti olaraq Biləsuvar rayonu ərazisində yerləşib buradakı qəsəbələrdə yaşayan cəbrayıllılar şəhidlərin xatirəsinə gözəl abidə-kompleksi və Şəhidlər Xiyabanı yaratmışlar. Azərbaycanın 57 bölgəsində məskunlaşan Cəbrayıl sakinləri hər il kompleksin qarşısına gəlib doğmalarını yad edir, Xiyabanda onların ruhuna dualar oxuyurlar. 27 Sentyabr-Anım Günü ilə əlaqədar abidə-kompleksin və Şəhidlər Xiyabanının ətrafında təmizlik, abadlıq işləri həyata keçirilmişdir. Tədbirdə rayon Kommunal Müəssisələri İdarəsinin işçiləri ilə yanaşı könüllülər, rayon gəncləri iştirak etmişlər.

                                                          Tofiq HÜSEYN,

                                                         “Respublika”.