Anım Günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur
Sosial həyat

Anım Günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur

Azərbaycan Ordusu öz Prezidentinə, xalqına arxalanaraq 27 sentyabr 2020-ci il tarixində böyük şücaət və qəhrəmanlıq göstərdi. Azərbaycanın igid oğulları 30 il Ermənistan işğalında olan torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi. Azərbaycan Ordusunun əsgər və zabitləri dünyanı heyrətə salan, eləcə də dünya hərb tarixinə yazılan qəhrəmanlıq nümayiş etdirdilər. Vətən müharibəsində vuruşan əsgər və zabitlərimizin əksəriyyətini gənclər təşkil edirdi. Bu o gənclər idi ki, Ali Baş Komandan cənab İlham Əliyev ilk dəfə Prezident seçilən vaxt onlar uşaq idi. Məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz milli ruhda böyüdülər, Vətən, torpaq uğrunda canlarını belə əsirgəmədilər.

Vətən müharibəsində Zəfər qazanmağımızın ən böyük amillərindən biri xalq-iqtidar birliyi oldu. Uşaqdan tutmuş yaşlı insanlarımıza qədər hər bir vətəndaş bu müharibədə böyük mərdlik nümayiş etdirdi. Övladı şəhid olmuş valideyn də, erməni vəhşilərinin şəhərlərimizi raket atəşinə tutması nəticəsində körpəsini itirmiş ata-analarımız da sınmadı: "Vətən sağ olsun, ancaq irəli" - dedilər.

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, döyüşlərdə yaralanmış hərbçilərimizə böyük diqqət və qayğı ilə yanaşırlar. Müharibə dövründə cənab İlham Əliyev və Mehriban xanım Əliyeva hospitalda müalicə olunan hərbçilərimizlə görüşmüş və ölkə başçımız göstərdikləri qəhrəmanlığa görə onlara öz minnətdarlığını bildirmişdi. Müharibə qələbəmizlə başa çatdı. Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzaladı. 2021-ci il 27 sentyabr Anım Günündə keçirilən yürüş xalqımızın yenilməzliyinin, birliyinin bariz nümunəsi oldu. Yürüşdə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etməklə və yürüşün önündə əllərində şəhid hərbçi və şəhid körpənin şəkillərini tutmaqla dünyaya bir mesaj vermiş oldular. Bu hərbçisindən tutmuş körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun göstəricisi idi. Anım Gününün qeyd edilməsi sübut edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əzizdir. Dövlətimiz, şəxsən cənab İlham Əliyev hər zaman müharibədə şəhid olmuş hərbçilərimizin ailə üzvlərinə, yaralanmış hərbçilərimizə və müharibə veteranlarına böyük qayğı ilə yanaşır. Bu qəbildən olan insanların sosial məişət və digər problemləri təcili olaraq həll edilir. Müharibədə ağır yaralanmış əsgər və zabitlərimiz müalicə olunmaq üçün xarici dövlətlərə göndərilir və onlar sağalaraq öz ailələrinin, əzizlərinin yanına dönürlər. Ehtiyacı olanlar ən yüksək texnologiya ilə hazırlanmış protezlərlə təmin edilir.

Bir neçə gündən sonra sentyabrın 27-də bütün xalqımız Anım Gününün 2-ci ildönümünü qeyd edəcək. Respublikamızın bütün şəhər və rayonlarında bu gün qeyd olunacaq, tədbirlər keçiriləcək. Bununla bütün dünyaya göstəririk ki, biz böyük və yenilməz xalqıq. Azərbaycan xalqı öz torpaqlarını və dövlətini qorumağa qadir xalqdır. Anım Günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur. Biz döyüş meydanında da, siyasi arenada da Qələbə qazanmışıq. Bu Qələbə ilə ölkəmiz üçün yeni dövr açıldı. Bu, inkişaf və tərəqqi dövrü olacaq. Müharibədə qalib gəlmiş xalqımız artıq işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması ilə də dünyanı heyrətləndirməkdə davam edir. Bu ərazilərə gələn xarici qonaqlar, jurnalistlər və diplomatlar qısa müddət ərzində görülən işlərdən heyrətlərini gizlədə bilmirlər. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olduğu üçün qürur duyur və İlham Əliyev kimi bir lideri, dövlət başçısı ilə fəxr edir.

Kamilə Əliyeva,

Milli Məclisin deputatı.