Anım Günü qazilərlə birgə qeyd olundu
Region

Anım Günü qazilərlə birgə qeyd olundu

Xaçmazda 27 Sentyabr - Anım Gününə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir. Növbəti tədbir şəhərin Heydər Əliyev Mərkəzində qazilərlə gənclərin bir araya gəldiyi dəyirmi masa oldu. Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dəyirmi masada çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov bildirdi ki, xalqımız iki ildir şərəfli Zəfər tarixini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qüdrətli Azərbaycan ordusu düşmənin qüvvələrini darmadağın edərək torpaqlarımızı 30 illik işğaldan azad etdi. İndi sürətlə Böyük Qayıdış həyata keçirilir. Düşməndən azad olunan şəhər və kəndlərimiz bərpa olunur, tamamilə yenidən qurulur. Böyük Qayıdış düşmənə göz dağıdır.

Elman Məmmədov çıxışında həmçinin Vətən savaşında əldə olunan böyük Qələbədə xaçmazlı gənclərin də xidmətini xüsusi qeyd etdi. Bildirdi ki, şanlı Zəfərin çalınmasında yüzlərlə xaçmazlı gənc ağır döyüşlərdə şücaət, hünər və qəhrəmanlıq nümunələri göstərmişlər. Onlardan 50 nəfəri qəhrəmanlıqla həlak olaraq şəhid olmuş, bir çoxu isə qazidir.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, rayon icra hakimiyyətinin baş məsləhətçisi Tariyel Didarov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru Ceyhun Fərzəliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasından, Vətən müharibəsi qaziləri, iştirakçıları ilə belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışdılar. Qazilər Sənan Əhmədov, Tariyel Didarov, Aprel döyüşlərinin iştirakçısı Nəriman Qurbanov, "Qisas-2" əməliyyatının iştirakçısı Həzrətəli Əliyev və başqaları çıxış edərək gənclərə müharibə xatirələrini söyləyərək, onları maraqlandıran suallara cavab vermişlər.

Daha sonra dəyirmi masa iştirakçıları həmin gün 42 yaşı tamam olan mayor, qazi Tariyel Didarovun ad gününü təbrik etdilər. Qaziyə rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı təqdim olundu.

Ziyafəddin BAYRAMOV,

"Respublika".