Ani ölümlərin qarşısı zamanında alına bilər
Səhiyyə

Ani ölümlərin qarşısı zamanında alına bilər

Türkiyə

Sabah ölkəmizdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq. Həmin ərəfədə konqresdə iştirak edəcək Türkiyə Bezmialem Vakıf Universitetinin Tibb fakültəsinin Ürək-Damar Xəstəlikləri Cərrahiyyə Şöbəsinin müdiri, professor Cengiz Köksal ilə görüşdük.

Professor Cengiz Köksal bildirdi ki, son günlər tez-tez qarşılaşdığımız ölümlərdən biri də anidən ölümdür. Çox təəssüflər olsun ki, cəmiyyətdə dərin kədər və narahatlıq yaradan, tam sağlam, heç bir xəstəlikdən əziyyət çəkməyən insanlarda qəfil ölümlərin sayı günbəgün artmaqdadır. Əsasən dincəlmədən həddindən artıq işləmək, oturaq həyat tərzi keçirmək, stres, gərginlik, düzgün qidalanmama, erkən yaşda siqaretdən istifadə ürəyin işemik xəstəliyinin daha gənc yaşlarda büruzə verməsinə səbəb olur ki, bu da ani ölümlərə gətirib çıxarır. Ürək müəyyən siqnallar verir, sadəcə biz buna diqqət etmirik.

Qəfil ölümlərə səbəb olan başlıca amil təbii ki, ürək-damar sistemindəki problemlərdir. Bu halların baş verməsinin əsas səbəblərindən biri ürəyin koronar sistemindəki pozuntudur. Bu da ürəyin tac damarlarında qan dövranının pozulması və nəticədə tutulması ilə bağlı yaranan problemlərdir. Bütün bunlar ürək-damar sistemində güclü gərginliyin yaranmasına səbəb olur. Nəticədə ürək-damar sistemində damarların divarında "özünü xilas etmə" xüsusiyyətinə malik olan maddələrin miqdarının azalması və yaxud da onların ifrazının çətinləşməsi baş verir. Cengiz Köksal dedi ki, qəbul etdiyimiz qidaların bu gün keyfiyyətsiz olması və ya süni yağlardan hazırlanmış yeməklərdən çox istifadə hətta bədəndə dərmanlarla belə tənzimləməyə çətinlik törədən xolesterinimiya yaradır. Bundan əlavə, fiziki yüklənmə, istirahət və iş rejiminin düzgün tənzimlənməməsi sonda insanın ani, qəfil ölümünə səbəb olur.

Qəfil ölümün əsas səbəbi diaqnoz qoyulmamış ürək xəstəliyidir. Əvvəllər heç bir sağlamlıq problemi olmasa da, bəzən insanlarda gözlənilmədən başlayan şikayətlər 1-2 saat müddətində ölümlə nəticələnə bilər. Ölümcül ritm pozğunluqlarının ortaya çıxması ilə tez-tez baş verən qəfil ölümlərdə, ürək qan pompalama vəzifəsini yerinə yetirə bilmədikdə qan axını dayanır. Ürək ritminin bir neçə dəqiqə ərzində normallaşdırıla bilmədiyi hallarda ölüm baş verir. Professor adətən gərginlik zamanı ortaya çıxan nəfəs darlığı, ürək döyüntüsü, gözlərdə qaralma simptomları verən ürək xəstəliklərində ürəyin bəzən heç bir simptom olmadan qəfildən dayana biləcəyini də xatırlatdı.

Ani ürək ölümünün əsas səbəbinin ürək-damar tıxanıqlığından yaranan infarkt olduğuna diqqətçəkən Cengiz Köksal digər tərəfdən, siqaret çəkməyin, erkən başlanğıc şəkərli diabet, hipertansiyon, anadangəlmə yüksək ailə xolesterolu və koronar arteriya axıdılması anomaliyalarının infarkta səbəb ola biləcəyini də bildirdi. Ürək-damar tıxanıqlığı və aortanın yırtılması, ağciyər emboliyası, ürək çatışmazlığı, anadangəlmə ürək və ürək əzələlərinin xəstəlikləri, ürək qapaq xəstəlikləri, ürək əzələlərinin iltihabı, uzun QT sindromu, qısa QT sindromu, WPW sindromu, brugada sindromu aritmogenik sağ mədəciyin displaziyası və zəhərli dərman istifadəsi kimi ritm pozğunluqları da qəfil ölümə səbəb ola bilər.

Professor ürəklə əlaqədar ölümlərin qarşısını almaq üçün ictimaiyyətin məlumatlandırılmasının vacib olduğuna diqqət çəkərək dedi: "İlk növbədə ailəsində qəfil ürək tutması olan insanlar mütləq ürək mərkəzinə müraciət etməli və müayinə olunmalıdır. Ürək-damar tıxanıqlığı, aortanın genişlənməsi, aritmiya, ürək çatışmazlığı və anadangəlmə ürək xəstəliyi kimi qəfil ölümə səbəb olan şərtlər erkən diaqnozla aşkar edilə və ürəklə əlaqədar ani ölümlərin qarşısı alına bilər''.

İnsanlarda qan qatılaşması, trombemboliyaya gətirib çıxaran tromb yaranmasının səbəblərinə aydınlıq gətirən professor dedi: "Tromblar bir müddət əvvəldən, aylar, illər öncə damarlarda formalaşır və hansısa arteriyada yerləşir. Onlar varikoz genəlmə, anevrizmalar, hər hansı cərrahi əməliyyatdan sonra da ola bilər. Tromboemboliyanın yaranma səbəblərindən biri qanın qatılaşmasının pozulmasıdır. Gənclərdə zərərli vərdişlər, uzun müddət siqaret, spirtli içkilər qəbul etmək, son zamanlar geniş yayılmış narkotik maddələr qanı qatılaşdırır, nəticədə tromb yaranır. Yəni tromb xeyli əvvəldən yaranır, lakin bir gün anidən qopur.

Gizli ağır infeksiyalar qanda laxtalanmanı pozur, septiki şok yaradır. Gənclər qanın qatılaşması və damarların vəziyyətini mütəmadi yoxlatmalı, zərərli vərdişlərdən uzaq durmalı, tromba qarşı yoxlanmalıdırlar ki, qəfildən emboliya riskini azaltsınlar".

Cengiz Köksal risk qrupuna daxil olan xəstələrə diqqətli olmalarını tövsiyə etdi: "Anadangəlmə ürək qüsurları, eləcə də irsi faktorları olan insanlar vaxtaşırı olaraq müayinədən keçməli, həkim nəzarətində olmalıdırlar. Anadangəlmə ürək qüsurları, ürək və iri damarların kifayət qədər geniş və müxtəlif mənşəli xəstəlikləri olub, artıq yüklənmə və ürək çatışmazlığı ilə müşayiət olunur. Ürək qüsurlarının rastgəlmə tezliyi yüksəkdir, müxtəlif mənbələrin məlumatlarına görə, hər yeni doğulmuşların təxminən 1 faizində rast gəlinir. Bu mənada ürək qüsuru ilə dünyaya gələn insanlar həkim nəzarətində olmalı, xəstəliyin ağırlaşmasına qarşı zəruri tədbirlər görməlidirlər. Professor söylədi ki, gənc yaşlarında qəfləti ölümlər əsasən aritmiyalar və ya ürəyin ritmik pozuntuları zamanı meydana çıxır: "Bu mənada hər bir valideyn övladı dünyaya gələndən sonra heç olmasa, bir dəfə onu exokardioqrafiya (EXO) müayinəsindən keçirməlidir. Elektrokardioqramma (EKQ) müayinələri zamanı anadangəlmə ürək qüsurlarını aşkar etmək mümkün deyil. Eyni zamanda kardioloq tərəfindən ürəyin endoskop vasitəsilə dinlənilməsi, küylərin eşidilməsi kimi klinik müayinələr də həyata keçirilməlidir".

Cengiz Köksal son günlər Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində qəfil ölümlərin çoxalmasını da bildirdi. Hətta ürək əməliyyatlarının sayının 6 dəfə çoxaldığını da vurğuladı. Stres halının yüksək olması faktiki koronar qan dövranının pozulmasına gətirib çıxarıb. Professor insanlara stresdən uzaq durmalarını, xəstə insanların zamanında həkimə müraciət etmələrini tövsiyə etdi.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.