Anda sadiq qəhrəmanlar
Region

Anda sadiq qəhrəmanlar

Vətənin dar günündə dadına çatıb çəkinmədən canını onun azadlığına qurban verən mərd igidlərdən biri də Çərkəz Vidadi oğlu Teyyubludur. Bir ilahi sevgidən yaranan bu rəşadət, hünər Çərkəzə qərinələr boyu unudulmaz, parlaq bir ömür bəxş etdi. Çərkəzin adı indi Vətənə, torpağa sədaqət nümunəsi kimi çəkilir. 24 yaşında qalmaqla neçə-neçə gələn nəsillər üçün qürur və ehtiram mənbəyi olacaqdır.

Bəli, həyatını Vətəninə bağlayan Çərkəz doğulduğu Lerik rayonunun Züvüç kəndində orta təhsilini başa vurub ailəsi ilə birlikdə Bakı şəhərinə köçür. Çərkəz 2014-cü ildə həqiqi xidmətə yollanır. Əlinə silah götürüb Murovda Vətən torpaqlarını göz bəbəyi kimi qoruyur. Ürəyi bir qayda olaraq düşməndən qisas almaq eşqi ilə döyünür. Vətən sevgisi, torpaq məhəbbəti xidmət etdiyi hissədə hamıya nümunə göstərilir.  Ləyaqətli övlad kimi əsgərliyi  başa vurub üzüağ ailəsinə qayıdır. Mənfur düşmənin əməlləri ilə barışmayan Çərkəz yenidən ordu sıralarında xidmətə başlayır. Ön xətdə doğma Vətəninə canını, qanını fəda etməyə hazır qeyrətli oğullarla yağı düşmənlə  döyüş anını gözləyir.  Kiçik çavuş rütbəsində top komandiri olur.

Andına sadiq qalan Çərkəz 27 sentyabr müharibəsi başlanan andan düşmənə qarşı çıxır. Cəbrayıl, Hadrut, Füzuli ərazilərində mərdliklə vuruşur, bir-birindən çətin ölüm-dirim döyüş əməliyyatlarında yağıya qan qusdurur.  Müharibənin ağır anlarında bacarıqlı, səriştəli  bir hərbçi kimi öndə olmaqla torpaq uğrunda gedən çox qanlı hadisələrin qəhrəmanı olur. 21 oktyabrda Füzulinin Gecəgözlü kəndində canını Vətənə qurban verməklə bir tarix yazır. Beləcə, qanı bahasına torpağı Vətən etməklə xalqın qəhrəmanlıq simvoluna çevrilir.

Dağlar diyarında dünyaya göz açan igid Qaradağ rayonu,  Şonqar qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunur.  Ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunur.

Zəfər ORUCOĞLU.