And yerimiz müqəddəs Vətən
Region

And yerimiz müqəddəs Vətən

Belə bir məşhur deyim var, hər şey beşikdən başlayır, nənnilərdən tutmuş oxşamalara qədər, bayatılardan başlayaraq vətənpərvərlik nəğmələrinə qədər oxunan zümzümələr uşağın gələcək taleyində mühüm rol oynayır. Torpağın, yurdun müqəddəsliyi haqqında dilə gətirilən hər bir ifadə yeniyetmələrdə Vətənə məhəbbət yaradır, onların xarakterinə müsbət təsir göstərir. Hər bir uşağın püxtələşməsi həm də ailədən başlayır, onun həyata baxışına, vətəndaş mövqeyinə güclü təsir göstərir. Təhsil müəssisələrində hər il keçirilən ənənəvi “Şahin” hərbi-idman oyunları məktəblilərin hərbə marağını artırır, onlarda ilkin hərbi anlayışlar yaradır.

Bu günlərdə keçirilən “Şahin” hərbi-idman oyununun Ağcabədi rayon birinciliyinin qalibi müəyyənləşib. Şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 44 komanda mübarizə aparıb. Birinciliyin açılış mərasimində respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Məmmədov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini qeyd edib.

Gərgin keçən yarışlarda beş mərhələ üzrə  şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 4 nömrəli tam orta məktəbin komandası ikinci, 5 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü yeri tutublar. Mükafatçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub. Birinci yeri tutmuş 2 nömrəli tam orta məktəbin komandası Qarabağ iqtisadi zonası üzrə Bərdədə keçiriləcək “Şahin” hərbi-idman oyununun zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcək.

                                         Salman ALIOĞLU,

                                          “Respublika”.