AND YERİ
Region

AND YERİ

Göygölün Şəhidlər Xiyabanında fərqli simalar, fərqli tarixlər, fərqli adlar... Fərqli ömür yolu keçərək, eyni uca məqamda, zirvələrdə birləşənlərin uyuduğu məzarlar var. Bu Xiyaban Göygöl sakinlərinin and və ziyarət yeridir. Ömür paylarını Azərbaycanın ərazi bütövlüyünə, gələcək nəsillərin xoşbəxtliyinə bağışlayanların xatirəsinin əziz tutulması, əbədiləşdirilməsi xüsusi önəm kəsb edir. Şəhid ailələri də daim dövlətin diqqət mərkəzindədirlər.

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi İsmayılov Ruslan Eyvaz oğlunun doğum günü rayonun Şəhidlər Xiyabanındakı məzarı önündə qeyd edilib. Ziyarətçilər ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar. Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev və başqa çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Mərasimdə çıxış edən Kəmalə İbrahimova 36 yaşı tamam olan şəhid Ruslan İsmayılovun 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman döyüşlərdə iştirak etdiyini və 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirmiş və Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildiyini vurğuladı. Şəhidimizin keçdiyi qısa və mənalı həyat yolundan geniş söz açmışdır. Kəmalə İbrahimova rayonda şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunmasını qeyd edib. Şəhidin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvərlik haqqında şeirlər söyləyiblər.

Daha sonra Göygöl rayonu, Çaykənd kəndində inşa olunan Şəhidlər Kompleksi və şəhidin yaşadığı evdə şəhid Ruslan İsmayılova həsr olunmuş guşə ziyarət olunub.

Zabit XƏLİLOV,

"Respublika".