ANAMA Yevlax rayonunda baş vermiş hərbi sursat partlayışı ilə bağlı məlumat yayıb
Digər xəbərlər

ANAMA Yevlax rayonunda baş vermiş hərbi sursat partlayışı ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Yevlax rayonunun Aran qəsəbəsi ərazisində baş vermiş hərbi sursat partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, fevralın 1-də 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.

Agentliyin ərazidə apardığı araşdırma və yoxlamalar zamanı aşkarlanan partlayıcı qurğuların kaset tipli sursat kateqoriyasına aid olduğu müəyyənləşdirilib. 2008-ci ildə Osloda imzalanan konvensiyanın şərtlərinə görə, kasetli sursatların istehsalı, istifadəsi, daşınması və toplanması "Kasetli Sursatlara dair Beynəlxalq Konvensiya" ilə qadağan olunur. Qırx dörd gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bu növ sursatlar həm döyüş bölgələrində, həm də Azərbaycanın şəhərlərində yaşayan dinc əhaliyə qarşı dəfələrlə istifadə edilib. Konvensiya ilə qadağan olunmuş silahların istifadəsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.

ANAMA-nın əməkdaşlarının işğaldan azad olunmuş ərazilərdə icra etdiyi təmizləmə əməliyyatları zamanı çoxlu sayda bu tip partlayıcı aşkarlanaraq zərərsizləşdirilib.

Agentlik müharibədən zərər çəkmiş rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri təşkil edir. ANAMA əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitin yaradılması məsələlərinə xüsusi önəm verir. Bu məqsədlə kənd sakinləri, fərdi sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan olunmuş ərazilərə səfər etməməyə çağırır. Şübhəli və naməlum əşyalara rast gəldikdə 102 və 112 - xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur.

AZƏRTAC