ANAMA Şuşa rayonunda iki mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
Digər xəbərlər

ANAMA Şuşa rayonunda iki mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa rayonunda iki mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

ANAMA-nın ictimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, Şuşa rayonunun Daşaltı kəndindən 1300 metr məsafədə minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1992-ci il təvəllüdlü Qəndiyev Vüsal Firudin oğlu mina partlayışından həlak olub. Hadisə dekabrın 9-da saat 08:30 radələrində baş verib.

Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olublar.

ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə, hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tipli sürprizlər Ermənistan tərəfinin terrorçu niyyətinin daha bir bariz nümunəsidir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət edərək bildirir ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar və rastlaşdıqları naməlum əşyalara toxunmasınlar.

AZƏRTAC