ANAMA-nın rəhbərliyi Xorvatiyada minatəmizləmə istiqamətində bir sıra görüşlər keçirilib
Digər xəbərlər

ANAMA-nın rəhbərliyi Xorvatiyada minatəmizləmə istiqamətində bir sıra görüşlər keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti 2023-cü ilin 3-5 may tarixlərində Xorvatiyanın Voditsa şəhərində keçirilən Minatəmizləmə üzrə 19-cu Beynəlxalq Simpoziumda iştirak edib.

Nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, ölkəmizin Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanov, eləcə də ANAMA və səfirliyin rəsmilərindən ibarət olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən aidiyyəti üzrə təşkil edilən ikitərəfli görüşlərdə iştirak edib.

Xorvatiyanın Daxili İşlər Nazirliyi Mülki Müdafiə Baş İdarəsinin rəhbəri Damir Tratın rəhbərlik etdiyi nümayəndələrlə keçirilən görüşlərdə ANAMA və Xorvatiyanın müvafiq qurumları arasında faydalı əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də uzun illər mina təhlükəsi ilə mübarizə aparan Xorvatiyanın Azərbaycanda icra edilən minatəmizləmə əməliyyatlarına mümkün dəstəyi müzakirə edilib.

 Səfər çərçivəsində, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki təcrübəsinin digər ölkələrdə tətbiq edilməsinə və bu xüsusda əməkdaşlığın davam etdirilməsinə maraq ifadə edilib.

Minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi platforması olan Cənub-Şərqi Avropa Minalardan Təmizləmə üzrə Koordinasiya Şurası (SEEMACC) ilə görüşdə müharibədən zərərçəkmiş üzv ölkələrlə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və fəaliyyətinin inkişaf etdirilməsi vurğulanıb.

“Respublika”.