ANAMA-nın İdarə Heyətinin sədri ABŞ-da BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru ilə görüşüb
Digər xəbərlər

ANAMA-nın İdarə Heyətinin sədri ABŞ-da BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüşü keçirilib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi və onun keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ANAMA və digər aidiyyəti qurumlarımız tərəfindən minatəmizləmə sahəsində aparılan fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat verilib.

İcra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti və əlaqələndirilmiş şəkildə aparılan bərpa və quruculuq işlərinin gedişatı qarşı tərəfdə maraq doğurub, bu istiqamətdə müzakirələr aparılıb. Qeyd edilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlılığın əyani göstəricisi olaraq Azərbaycanda minatəmizləmə fəaliyyəti məhz bərpa və quruculuq işləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. BMT-nin Mina Fəaliyyəti Xidməti ilə bu sahədə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin bildirilib ki, minalar sadəcə insanların sağlamlığına deyil, eyni zamanda, regionda sabitlik, sülh və əmin-amanlığa ciddi təhlükə yaradır. Baş verən son hadisələr bunun bariz nümunəsidir.

AZƏRTAC