ANAMA-nın Cəbrayılda piyada əleyhinə minaya düşən əməkdaşı evə buraxılıb
Digər xəbərlər

ANAMA-nın Cəbrayılda piyada əleyhinə minaya düşən əməkdaşı evə buraxılıb

İyulun 27-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticədə Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb. O, ilkin tibbi müayinədən sonra evə buraxılıb.

Agentlik işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq, təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə almadan daxil olmamağa çağırır.

AZƏRTAC