ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
Digər xəbərlər

ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “Azərenerji” ASC-nin nümayəndələrinə Energetika Nazirliyinin müraciəti əsasında “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin Göygöl Regional Mərkəzində təşkil edilən təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib. 

İştirakçılara əsas qaydalara dair təlimat kitabçası təqdim olunub. Həmçinin onlar ANAMA tərəfindən tərtib edilən aktlar barədə məlumatlı olduqlarını imzaları ilə təsdiqləyirlər.

Təlim kitabçaları beş qızıl qaydanı əks etdirir - “Təyin edilmiş yerlərdən, yollardan və çığırlardan kənara çıxmayın! Naməlum və şübhəli əşyalara toxunmayın! Atılıb qalmış hərbi sursatlar və texnikalar olan sahələrə yaxınlaşmayın! Dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə daxil olmayın! Səngərlər və sığınacaqlar olan sahələrə yaxınlaşmayın!”

ANAMA işğaldan azad edilən ərazilərdə arıçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri, eləcə də energetika, bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mütəmadi qaydada maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlər müharibədən zərərçəkmiş rayonların məktəblərində və məcburi köçkün qəsəbələrində də davam etdirilir.

AZƏRTAC