ANAMA kadr potensialının inkişafı üçün ixtisasartırma təlimləri keçirib
Digər xəbərlər

ANAMA kadr potensialının inkişafı üçün ixtisasartırma təlimləri keçirib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 25 nəfər minaaxtaranına təlim və keyfiyyətə təminat şöbəsi tərəfindən "Bölmə və qrup rəhbəri" kursları keçirilib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentlik sahə işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə onları mütəmadi olaraq müvafiq təlimlərə və ixtisasartırma kurslarına cəlb edir. İki həftə davam edən təlimlərin əsas məqsədi mütəxəssislərin nəzəri və praktiki bilik, eləcə də texniki peşə bacarıqlarının artırılmasıdır.

Bölmə və qrup rəhbərləri təlimlərində iştirakçılara xəritəçəkmə, onların oxunması, şərti işarələr, kompasdan istifadə qaydaları, mina və partlamamış hərbi sursatların tanınması, partlayış növləri və işədüşmə üsulları, təhlükəlilik kateqoriyaları, partlayıcı qurğuların zərərsizləşdirilməsi, həmçinin vəzifə öhdəlikləri, ünsiyyət və təhlükəsizlik qaydaları öyrədilir.

Təlimi bitirərək imtahandan uğurla keçəcək əməkdaşlar bölmə və qrup rəhbəri vəzifələri üzrə sertifikatlar alaraq yeni səlahiyyətlərini icra edəcəklər.

Kurslarda qiymətləndirmə meyarları bilik səviyyəsi əsasında təyin olunur. Yekun balı 70 və daha yuxarı olan əməkdaşlar kursu keçmiş hesab ediləcəklər. Onlara "Bölmə rəhbəri" şəhadətnaməsi təqdim ediləcək. Yekun balı 80 və daha yuxarı olan müdavimlər "Bölmə və qrup rəhbəri" şəhadətnaməsi alaraq aidiyyəti üzrə əməliyyatlara cəlb olunacaqlar.

Kadr potensialının mütəmadi gücləndirilməsi, əməliyyatlara cəlb edilən yeni minaaxtaran qrupların peşəkar bölmə və qrup rəhbərləri ilə təmin olunması, bununla da işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün vacib addımlardan biridir.

AZƏRTAC