ANAMA: Cəbrayıl rayonunda ağ fosfor tərkibli sursat aşkarlanıb
Digər xəbərlər

ANAMA: Cəbrayıl rayonunda ağ fosfor tərkibli sursat aşkarlanıb

Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daxil olmuş müraciətə əsasən, iyulun 3-dən Agentlik tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin mütəxəssisləri həmin ərazidə həyata keçirdikləri təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat, müxtəlif çaplı 1185 patron, 5 kiloqram partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 millimetrlik minaatan mərmisi aşkarlayıblar.

Ermənistan silahlı qüvvələrinin ağ fosfor tərkibli sursatdan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi həm 2016-cı ilin Aprel döyüşləri, həm də 44 günlük Vətən müharibəsi zamanı faktlarla təsdiqini tapıb. Aşkarlanan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmisi Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha sübut edir.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il “Adi silahların konkret növləri haqqında konvensiya”nın Alışdırıcı silahların istifadəsi haqqında qadağalar və ya məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir.

Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.

Ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 dərəcəni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.

AZƏRTAC