Ana, Vətən sevgisi aşılayan müəllimlərimiz
Sosial həyat

Ana, Vətən sevgisi aşılayan müəllimlərimiz

Azərbaycan mətbuatının banisi, böyük maarifçi demokrat, təbiətşünas, ictimai xadim Həsən bəy Zərdabi yazırdı: "Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: Müəllimlik!".

Şərəfli olduğu qədər də çətin və məsuliyyətli peşədir müəllimlik. Dövründən, zamanından asılı olmayaraq dünyanın ən böyük sərkərdəsini də, ən dahi alimini də  yetişdirən müəllimdir. Gözoxşayan saraylar ucaldan memarı, insanlara həyat bəxş edən həkimi, mühəndisi, aqronomu da  bu yüksək əqidə, məslək sahibləri bəxş edir cəmiyyətə.  Özünü şam kimi əridərək milləti nura, aydınlığa qərq edən də, yetirmələrini haqqın yoluna, bəşəriyyətin varlığına, hürriyyətə  istiqamətləndirən də onlardır. Şagirdinin ən kiçik uğurunda belə biliyini, elmini, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıqla, mehribanlıq və qayğıkeşliklə bizlərdən əsirgəməyən müəllimlərimizin gərgin əməyi, zəhməti  vardır.  İşıqlı zəkası, ziyası ilə yolumuzda mayak olan müəllimlərimiz  gənc nəslin təlim-tərbiyəsində, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynayırlar. Doğma övladı tək  qayğısına qaldığı şagirdlərinin savadlı, bilikli, dünyagörüşlü olması üçün gecəsini gündüzünə qatan fədakar müəllimlərimiz  bizə millət, vətən, ana, torpaq sevgisini aşılayırlar.

Bu bir həqiqətdir ki, müvəffəqiyyətli inkişafın əsasında elm və   bilik dayanır və onun yaradıcısı, daşıyıcısı, tətbiq edəni də insandır. Biliklərin əldə edilməsində ən mühüm amil isə təhsildir. Bu baxımdan, dünyanın ən inkişaf etmiş ölkələri öz təhsil sistemlərini mütəmadi olaraq yeniləşdirirlər. Azərbaycan təhsili də  bu gün özünün tərəqqi dövrünü yaşayır. Ölkəmizdə həyata keçirilən  inkişaf strategiyası təhsil sahəsində aktual problemlərin  həllində strateji istiqamətləri də özündə əks etdirir. "Şagirdlər ən yaxşı məktəblərdə oxumalı, müəllimlər ən müasir təhsil ocaqlarında dərs deməlidirlər", - deyən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları nəticəsində Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunmuş, milli təhsilin səviyyəsi yüksəlmişdir.

Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud insanların digər problemləri kimi, onların təhsili də dövlətin daim diqqətindədir. Belə ki, Azərbaycanda inklüziv təhsilin həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının yaradılması təşəbbüsləri hələ 90-cı illərin sonlarından irəli sürülməyə başlamışdır. 2001-ci ildə isə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar qəbul olunmuş, eyni zamanda Təhsil Nazirliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar proqram (2005-2009-cu illər)" hazırlanmış və Azərbaycan hökumətinin 2005-ci il 3 fevral tarixli qərarı ilə təsdiq edilmişdir. Proqrama uyğun olaraq beynəlxalq təşkilatlarla birgə həyata keçirilən 3 inklüziv təhsil layihəsi ümumilikdə, 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqədər və məktəbyaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir. Bundan əlavə, Nərimanov rayonundakı psixonevroloji uşaq evi, Şaqandakı əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli internat evi, Saraydakı 7 saylı internat evi, Buzovnadakı 9 saylı internat evi, beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat evi, Türkan qəsəbəsindəki nitq qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi təmir olunmuş və yenidən qurulmuşdur.

Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi 2002-ci ilin may ayında ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılmışdır. Belə ki, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli fərmanı əsasında "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları" təsdiq olunduqdan sonra məktəb fəaliyyətə başlamışdır. Bu təhsil ocağında 211 fiziki, 90 nəfər isə əqli qüsurlu  olmaqla 301 şagird təhsil alır. Onların təhsili ilə 92 nəfərdən ibarət pedaqoji kollektiv məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan  pedaqoji kollektivin hər bir üzvü onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmaları üçün əllərindən gələni əsirgəmirlər. Bu uşaqların  təhsildən kənar qalmaması və ən əsası isə onların bacardıqları, gücləri yetdikləri qədər savad almaları üçün məktəbin zəhmətkeş, pedaqoji kollektivi böyük məsuliyyətlə çalışırlar.

Bu pedaqoji kollektivə  fədakar, tanrının ömür payını təhsilə, maarifə həsr edən müəllimlərimizdən biri  olan Sevda Əliyeva rəhbərlik edir. O, 1968-ci il iyulun 14-də Qərbi Azərbaycanın Qafan şəhərində anadan olub. 2000-ci ildən informatika və riyaziyyat müəllimi kimi Sumqayıt şəhərindəki 11 saylı məktəbdə əmək fəaliyyətinə başlamış, bir müddət sonra Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, sonralar isə direktor vəzifəsinə təyin olunmuşdur.  Sevib-seçdiyi peşəsi ilə xalqımıza ləyaqətlə xidmət edən Sevda Əliyeva gənc nəslə yüksək təhsil verməyi qarşısına ümdə vəzifə qoyaraq hər zaman ona göstərilən etimadı doğrultmağa və ən əsası isə müəllim adını uca tutmağa, bu adı şərəflə daşımağa çalışır. 2019-cu ildən Sumqayıt şəhərindəki Evdə Fərdi Təhsil Məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini  vəzifəsində çalışan Sevda Əliyeva bu gün öz  işini sevə-sevə, həm də böyük diqqət və qayğı ilə yerinə yetirir. Sağlamlıq imkanları məhdud, fiziki və əqli qüsurlu  uşaqlara təhsil vermək, onları cəmiyyətə yararlı vətəndaş olaraq yetişdirmək sözün əsl mənasında  müəllimdən səbr, təmkin,  məsuliyyət və ən əsası isə pedaqoji təcrübə tələb edir. Bu mənada Sevda Əliyevanın  rəhbərlik etdiyi kollektiv cəmiyyətimizin bərabərhüquqlu üzvü olan, sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə bərabər, bəlkə də daha artıq  onların hər şıltaqlığına, əziyyətinə qatlanaraq təhsil almaları üçün üzərlərinə düşən ağır yükü  məsuliyyətlə daşıyır, xalqımızın maarifçilik ənənələrini sədaqətlə davam etdirirlər. 

Dünyanın bir çox ölkəsində 5 oktyabr tarixi "Müəllim günü" kimi qeyd olunur. Müəllimlərin hüquqlarının müdafiəsi və artırılması məqsədilə 1966-cı ilin 5 oktyabrında UNESCO-nun "Müəllim günü"nün təsis edilməsi haqqında qəbul etdiyi qərar Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, 1993-cü ilin 5 oktyabrında rəsmiləşdirilib. 1993-cü ildən başlayaraq hər il ölkə müəllimlərinin peşə bayramı dövlət səviyyəsində qeyd olunur. Biz də Sevda müəllimin timsalında bizə millət, vətən, ana, torpaq sevgisini aşılayan bütün müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edirik.

Mehparə ƏLİYEVA,

"Respublika".