Ana dili - xalqımızın milli varlığı
Digər xəbərlər

Ana dili - xalqımızın milli varlığı

SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan müttəfiq respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta, respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Belə ki, 1978-ci il 21 aprel tarixində Azərbaycan SSR Konstitusiyasının qəbul olunması, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adlandırmaqla millətin bütövlüyünün məhz onun ana dilindən keçdiyini qətiyyətlə bildirirdi. Dahi lider SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu öndərin bu mövqeyi əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ana dilimiz uğrunda yorulmadan mübarizə aparan ümummilli lider ziyalıları, xalqı öz ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda yorulmadan mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.  

Ümummilli lider deyirdi: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".

 Dil mədəniyyətin əsasıdır. Dilçiliyin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir. Təsadüfi deyil ki, dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini öyrənərkən əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Doğma ana dilimizdə dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və qədim tariximiz var. Qürurla deyə bilərik ki, danışan milyonlarla həmvətənimiz bəşəriyyətə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.

Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu çərçivədə ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə ulu öndər demişdir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur".

Xalqın tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı kimi məsələləri daim diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin təkminləşdirilməsi məsələsinə xüsusi önəm verən ümummilli lider ana dilimizin mənsubiyyətini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması istiqamətində həyata keçirdiyi siyasi xətti Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. Belə ki, ölkə başçımız tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də imzalanmış “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilimizin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi, məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Ölkə başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlar, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və bu istiqamətdə görülən genişmiqyaslı işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Nurlan ABDALOV,

“Respublika”.