“Ana, dayımın qisasını alıram”
Sosial həyat

“Ana, dayımın qisasını alıram”

44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər güclü olduğunu ortaya qoydu. Gənclərimiz döyüş meydanında vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Həmin gənclərdən biridir, şəhid Fərid Seyfullayev. Vətən müharibəsində döyüş yolu Füzulidən başlayaraq Şuşayadək davam edib. Zəfər Gününə iki gün qalmış şəhidlik zirvəsinə ucalan qəhrəmanımız ölümündən sonra üç medalla təltif olunub.

Fərid Xeyrulla oğlu Seyfullayev 1991-ci ildə Xaçmaz şəhərində dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. Fərid əsgərliyini bitirdikdən sonra hərbi qulluqçu kimi xidmətdə qalmaq istəsə də, ailəsi evin tək oğlu olmasını nəzərə alaraq buna razılaşmayıb. Amma Aprel döyüşlərindən sonra Fərid arzusunu reallaşdıraraq Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmətə başlayıb.

Şəhidin anası Səidə Seyfullayeva oğlunu fəxr və qürurla yad edir: “Fərid Vətən müharibəsi başlayandan odun, alovun içində olub. Amma bizə hər hansı çətinliyi barədə heç nə demirdi. “Məndən nigaran olmayın, mən dünənki əsgər deyiləm” deyib, bizi arxayın edirdi. Qardaşım Birinci Qarabağ döyüşlərində şəhid olub. Zəng edəndə deyirdi ki, “ana dayımın qisasını alıram. Düşmənə nəfəs almağa imkan vermirik”. Deyirdim, özünü qoru, gözümün ağı-qarası bircə oğlumsan”.

Şəhidin bacısı Fəridə Seyfullayeva qardaş itkisi nə qədər ağır olsa da, Fəridlə fəxr etdiyini bildirir: “Müharibə vaxtı zəng edəndə deyirdi ki, bacı, mənim üçün həmişə dua elə. Yadımdadır, Mübariz İbrahimov, Fərid Əhmədov şəhid olan vaxtı videolara baxırdı. Orada Fəridin adı gələndə Əhmədov yerinə öz soyadını - Seyfullayev deyirdi. Məktəb tədbirlərində hərbi formanı geyinib qürurla gəzərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Fəridin Ayla adında  qız övladı yadigar qalıb. Həyat yoldaşı Ağabacı Seyfullayeva deyir: “Yoldaşımla fəxr edirəm. Vətənpərvərliyi ilə qürur duyuram. Sonuncu dəfə 2020-ci il oktyabrın 31-i danışdıq. Qızını çox istəyirdi”.

Füzulidən Şuşayadək ağır döyüş yolu keçən Fərid Seyfullayev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fərid Seyfullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Vətən bölünməz -şəhidlər ölməz! İllər keçəcək, bizim kimi gələcək nəsillər də şəhidlərimizi minnətdarlıq hissi ilə yad edəcəklər. Heç kim unudulmur, heç kim yaddan çıxmır.

Müşfiq MİRZƏ,

“Respublika”.