Amerikalı məşhur bloger işğaldan azad edilən ərazilərə səfərinə dair növbəti videosunu paylaşıb
Digər xəbərlər

Amerikalı məşhur bloger işğaldan azad edilən ərazilərə səfərinə dair növbəti videosunu paylaşıb

Amerikalı məşhur gənc videobloger Maks Rayzinger Azərbaycana səfəri ilə bağlı yutub kanalında növbəti videosunu paylaşıb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, videoda əsasən işğaldan azad edilmiş Qarabağda gördüklərindən danışan gənc bloger xüsusilə Ağdam şəhərində üzləşdiyi dəhşətli mənzərə haqda təəssüratlarını izləyiciləri ilə bölüşüb. Ağdamdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə doğma şəhərinə qayıdışını və yerlə-yeksan edilmiş evini tapmasını işıqlandıran Maks Rayzinger deyib: “Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarda belə nikbin məqamlar var. Çox şükür, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri qayıdacaq”.

Bundan əvvəlki videopaylaşımında Gəncəyə edilən ballistik raket hücumlarından danışan Maks Rayzinger Regional Mərkəzin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsi çərçivəsində mayın sonunda ölkəmizə səfər etmişdi.

Yutubda geniş izləyici auditoriyasına sahib olan Maksın 18 yaşı var və o, ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı yeniyetmə və gənclərdir. Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun azarkeşləri var.

Xatırladaq ki, “Sho Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 videobloger işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Videobloqu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://www.youtube.com/atch?v=xH5BNCYqynEt=160s

“Show Me Azerbaijan” layihəsinin digər iştirakçılarının - amerikalı videobloger Douq Barnardın və əlcəzairli Kubas Xubeybin Qarabağla bağlı daha öncə yayımlanan videolarını isə aşağıdakı linklər vasitəsilə izləmək olar:

https://www.youtube.com/atch?v=cXYjGRDCFbMt=431s

https://www.youtube.com/atch?v=x6UbMKJ6dr4

AZƏRTAC