MÜSAHİBƏLƏR

"American Television News"un əməkdaşı: Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında gördüyümüz dağıntılar çox ürəkağrıdıcıdır

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında gördüyümüz mənzərə, dağıntılar çox ürəkağrıdıcıdır. Burada, Gəncədə ermənilərin Azərbaycanın yaşayış məntəqələrinə qarşı törətdikləri vəhşilik, şəhərdəki dağıntılar bizi çox sarsıtdı.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "American Television News" (ATN) və Hindistanda fəaliyyət göstərən "Global Governance News" şirkətlərinin nümayəndəsi Angeli Şirma deyib.

BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin tərkibində ölkəmizə gələn Angeli Şirma bildirib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə bitsə də, ötən gün Ağdamda, bu gün isə Gəncədə gördüyü mənzərə dəhşətlidir.

"Biz Qarabağda azərbaycanlılara qarşı törədilən bu dağıntıları və vəhşilikləri gözlərimizlə gördük. Düşünürəm ki, iki dövlət arasındakı bütün məsələlər sülh yolu və danışıqlar vasitəsilə həll olunmalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində ötən gün Ağdamda olublar. Bu gün isə Gəncə şəhərində erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.

 

"Al Arabiya"nın əməkdaşı: Siz həm özünüzü qorudunuz, həm torpağınızı qaytardınız, həm də dünyaya göstərirsiniz ki, bərpa necə aparılır

Azad olunan ərazilərdə erməni vəhşiliyini - dağıntıları gördük, çox təsirləndik. Məscidlər yerlə-yeksan olunub, insanlarla bərabər, tarix də məhv edilib. Çox şadam ki, Azərbaycan bizi bu yerləri görməyə dəvət etdi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin tərkibində ölkəmizə gələn "Al Arabiya" telekanalının əməkdaşı Abdellah İmassi Füzulidə erməni vandalizmi ilə tanış olarkən söyləyib.

"Azərbaycan bizə müharibədən sonra yenidənqurma işlərinin, inşaatın necə aparılmalı olduğunu göstərir. Siz həm özünüzü qorudunuz, həm torpağınızı qaytardınız, həm də dünyaya göstərirsiniz ki, bərpa necə aparılır. Bunun üçün Azərbaycanı təbrik edirəm", - deyə Abdellah İmassi əlavə edib.

AZƏRTAC