AMEA Gəncə Bölməsində: MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜNƏ  HƏSR OLUNMUŞ DƏYİRMİ MASA
Sosial həyat

AMEA Gəncə Bölməsində: MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜNƏ  HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

AMEA Gəncə Bölməsində Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ağsaqqallar və veteranlar şuralarının üzvləri, ziyalılar, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olmuş Azərbaycan vətəndaşlarının xatirəsini etiramla yad etmişlər.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yığıncağı giriş sözü ilə açaraq demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı ikinci dəfə və əbədi müstəqillik əldə edib.

Bu tarixi məqamlar burada iştirak edən hər bir ziyalının gözləri qarşısında həyata keçmiş və sözsüz ki, konfransı iştirakçıları öz ürək sözlərini iştirakçılara çatdıracaqlar. Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev dövlət müstəqilliyimizin daha da inkişafı naminə 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı 44 gün ərzində müdrik siyasəti və hərbi strategiyası sayəsində erməni qəsbkarlarından tamamilə azad edərək, Qarabağın inkişafı naminə ağıllı kəndlərin, şəhərlərin yaradılmasına, yeni beynəlxalq hava limanı, nəqliyyat magistralının fəaliyyətə başlamasına imkan yaratmış və onlardan bəziəri artıq fəaliyyət göstərməkdədir.

Bu illər ərzində 300-dən artıq yaşayış məntəqəsi məhv edilmiş, daşı daş üstə qoyulmamışdır. Sözsüz ki, bunların bərpa olunmasında hər bir vətəndaş ölkə Prezidentinin yanında olacaqdır.

Fuad Əliyev sözünə davam edərək dedi ki, 44 gün Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Alimlərimizin borcudur ki, bu şanlı tarixi məqamları araşdıraraq onun yaranma köklərini qələmə alsın. Əldə olunan bu qələbə xalqımız üçün böyük zəfər səlnaməsi olmaqla bərabər, həm də gənc nəslin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox qiymətli mənbədir. Heç təsadüfi deyildir ki, son illər Bölmə alimləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinin Azərbaycan Dövlət Arxivi materialları əsasında araşdırılaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında dövlət qərarları və sərəncamları, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun "Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası (1918-1920)", Həsənbala Sadıqov və informasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi Nailə Mirzəyevanın "Azərbaycan Xalq Cümhuriyyəti haqqında Dövlət Qərarları 1991-2018", Həsənbala Sadıqovun "Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə", "Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri" və Rafat Cuvarlinskinin "Bir nəsildən tarixə töhfə" kitabları nəşr edilmişdir.

Tədbirdə Ağsaqqalar Şurasının sədri, professor Xalid Qurbanov, Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova, Bölmənin Tarix şöbəsinin müdiri professor Həsənbala Sadıqov, veteranlar Fəxrəddin Usenov, Mobil İmanov, veteran, Xalq artisti Məmmədəli Balayev, laboratoriya müdiri İmran Qasımov və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin yaranma tarixi haqqında maraqlı materiallarla çıxış etmiş, ölkə parlamentinin müstəqillik gününün bərpası ilə bağlı qərarının əhəmiyyətini qeyd etmiş, müstəqillik mübarizəmizin tarixinə nəzər salaraq, bu şanlı səlnamədə Gəncə şəhərinin yeri və rolu haqqında qürurla çıxışlar etmişlər.

Qeyd edilmişdir ki, müstəqillik tariximiz çox taleyüklü, keşməkeşli olmuşdur. Yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidi və xahişi ilə respublikamıza siyasi rəhbərliyə qayıtdıqdan sonra, onun zəngin dövlətçilik və siyasi təcrübəsi, qətiyyəti və böyük uzaqgörənliyi sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edildi. Ona görə də Ulu öndərin adı tariximizə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi qızıl hərflərlə yazılıb.

Çıxış edənlər ümummilli liderin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti və milli birliyin əldə olunması nəticəsində ölkəmizin regionda lider dövlətə çevrildiyini xüsusilə vurğulamış, müstəqil daxili və xarici siyasət nəticəsində Azərbaycanın təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanındığını qeyd etmişlər.

Akademik Fuad Əliyev tədbirə yekun vuraraq Müstəqilliyimizin Bərpası Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik etmiş, bu tarixi günlərin iştirakçısı və şahidi olan insanlara öz dünyagörüşü və zəngin təcrübələrinin gənc nəslə daha dərindən aşılanmasında uğurlar arzulamışdır.

V.Tanrıverdiyev,

AMEA Gəncə Bölməsinin

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri.