AMEA-da “Zəfər dərsləri” elmi həftəsi
Elm və təhsil

AMEA-da “Zəfər dərsləri” elmi həftəsi

AMEA -nın İctimaiyyətlə əlaqələr və analtik informasiya sektorundan verilən məlumatda bildirilir ki, “Zəfər dərsləri” həftəsi çərçivəsində Akademiyanın bir çox institut və təşkilatlarında 27 sentyabr - Şəhidlərin Anım Gününə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Anım Gününə həsr olunmuş ilk onlayn konfrans AMEA YAP Ərazi Təşkilatı, Humanitar və İctimai Elmlər Bölməsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıb. O, Şəhidlərin Anım Gününə həsr olunmuş bu konfransın 44 günlük müharibədə qazanılan tarixi qələbəmiz münasibətilə AMEA-da keçirilən ilk tədbir olduğunu diqqətə çatdırıb.

“Tarixi qələbəmizin öyrənilməsi istiqamətində AMEA qarşısında da mühüm vəzifələr durur”, - deyən İ.Həbibbəyli AMEA Rəyasət Heyəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə tədbirlərin həyata keçirilməsinə dair fəaliyyət proqramının qəbul edildiyini bildirib. Vitse-prezident AMEA-nın kollektivi adından cənab Prezidentə qazanılan şanlı zəfər münasibətilə minnətdarlığını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan xalqının uzunəsrlik tarixinə qızıl hərflərlə yazılan, 2020-ci ildə tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan zəfərimizin şəhidlərimizin qanı ilə yazıldığını bildirib. O, Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edildiyini söyləyib.

Tədbirdə AMEA YAP Ərazi Təşkilatının sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə  fəlsəfə doktoru Ulduzə Qurbanova rəhbərlik etdiyi təşkilatın yaranma tarixi, üzvlərin sayı haqqında ətraflı məlumat verib. Bildirib ki, ümumilikdə, AMEA əməkdaşlarının 24 faizi AMEA YAP Ərazi Təşkilatının üzvüdür.

GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Azərbaycanın 44 günlük döyüşdə böyük şücaət tələb olunan savaşın canlı örnəyini dünyaya göstərdiyini, 30 ildən artıq müddətdə alınması mümkünsüz hesab olunan torpaqlarımızı geri qaytardığını bildirib.

Konfransda Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə ön və arxa cəbhədə könüllü olaraq iştirak etmiş AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, ərəbşünas alim Pərviz Ağayev müharibə ilə bağlı təəssüratlarını bölüşüb. O, Vətən müharibəsi dövründə həyata keçirdiyi tədbirlərdən bəhs edib, qəhrəmancasına vuruşaraq həlak olmuş əsgər yoldaşlarını xatırlayıb. P.Ağayev xalqımızın hər zaman canlarını bu günlər üçün fəda etmiş şəhidlərimizi, onların qəhrəmanlıqlarını xatırlayacağını bildirib.

AMEA Qadınlar şurasının sədri, professor Rəna Mirzəzadə isə çıxışında Ağdam və Şuşaya baş tutan səfərləri zamanı şahid olduğu dəhşətli mənzərədən bəhs edib, xarabalıqlara döndərilmiş gözəl diyarımızın tezliklə yenidən bərpa olunması üçün görülən məqsədyönlü işlərdən danışıb.

Kamil İSMAYIL,

“Respublika”.