“AmCham
İQTİSADİYYAT

“AmCham"ın “Ağ sənəd"ində məhkəmə və icra sahələrinə dair nəzərdə tutulan təkliflərlə bağlı müzakirələr aparılıb

"Azərbaycanda Amerika Ticarət Palatası" İctimai Birliyi tərəfindən ölkəmizin biznes mühitinin daha da təkmilləşdirilməsi baxımından bank, maliyyə, sığorta, məhkəmə, rəqəmsal texnologiyalar, satınalma, əmək, vergi, gömrük və digər sahələrdəki qanunvericiliyə dəyişikliklərlə bağlı tövsiyə və təklifləri əhatə edən "Ağ sənəd" ("White paper") hazırlanıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənəddə "Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun fəaliyyət istiqamətlərinə aid edilən təkliflərlə əlaqədar işçi qrupun cari ilin fəaliyyət planında tədbirlərin nəzərdə tutulması üçün videokonfrans formatında görüş keçirilib.

İclasda məhkəmə və icra sahəsində "Ağ sənəd"də nəzərdə tutulan təkliflərin müzakirəsi aparılıb. Həmçinin müvafiq təkliflərlə bağlı qanunvericilikdə edilmiş son dəyişikliklər, eləcə də Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihələrlə bağlı məlumatlar İctimai Birliyin nümayəndələrinin diqqətinə çatdırılıb.

Tədbirə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının nümayəndələri qatılıblar.

AZƏRTAC