Almaniya və Qazaxıstandan olan alimlər ADPU-da səfərdədir
Elm və təhsil

Almaniya və Qazaxıstandan olan alimlər ADPU-da səfərdədir

Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetinin (FAU) doqquz nəfər və Qazaxstanın Qazax Milli Pedaqoji Universitetinin (KazNPU) doqquz nəfər əməkdaşından nümayəndə heyətləri 31 may - 7 iyun tarixlərində Bakıda, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səfərdədir.

Səfərin birinci günü ADPU-nun Filologiya fakültəsinin “Filoloji linqvistika” auditoriyasında Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və baş müəllim Jalə Səmədovanın təlimləri keçirilib. Qonaqlar ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi, buradakı kitab fondu və yaradılan xidmət səviyyəsi ilə tanış olublar.

Xarici qonaqlar, o cümlədən Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva və digərləri tələbələrlə birgə məktəbi ziyarət ediblər. ABC Azərbaycan Britaniya Kollecinin baş meneceri Alekper Alekperov qonaqları məktəbin fəaliyyəti ilə tanış edib. Məktəbin tarix müəllimi Nailə Şamilova və Azərbaycan dili müəllimi Xədicə Babayeva ADPU-nun burada pedaqoji təcrübə keçən tələbələri ilə birgə hazırladıqları təqdimatı qonaqlara təqdim etmiş, qonaqların suallarını cavablandırıblar.

Səfərin ikinci günündə alman və qazax nümayəndə heyətləri, o cümlədən Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva və bir qrup əməkdaş Quba filialına səfər ediblər.

Filialın ingilis dili müəllimi Elmira Əliyevanın rəhbərliyi ilə tələbələrin hazırladığı kompozisiyalar qonaqlara təqdim edilib.

Qonaqlar Quba rayon Tarix-Diyarşunaslıq Muzeyi və “40 pilləkən” kompleksini ziyarət ediblər.

“Respublika”.