Ali təhsil müəssisələrinin tələbələri Baş Prokurorluqda olub
Digər xəbərlər

Ali təhsil müəssisələrinin tələbələri Baş Prokurorluqda olub

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq, Baş Prokurorluqda "Açıq qapı günü" keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 19-da Baş Prokurorluğun paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsi 7 ünvanında yerləşən inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək olub.

Tədbirdə Bakı Dövlət və ADA universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak ediblər.

İştirakçıları salamlayan Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışıb. Gənc hüquqşünaslara neoqotik üslubda inşa olunmuş inzibati binanın rəsmi olaraq dövlət əhəmiyyətli memarlıq abidəsi olması barədə məlumat verilib.

Ekskursiya iştirakçıları Azərbaycan Prokurorluğunun tarix muzeyində prokurorluğun tarixi keçmişini özündə əks etdirən ekspozisiyalar ilə tanış olublar.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan gənc hüquqşünaslara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə həyata keçirilən əsaslı islahatlar barədə söz açan Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə qurumun strukturunun qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yenidən formalaşdırıldığını qeyd edib.

Tədbir zamanı Baş Prokurorluğun bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat verilib.

Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı izlədikdən sonra gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sonda xatirə fotoşəkli çəkdirilib.

AZƏRTAC