Ali məktəbə qəbul olunanlar mükafatlandırıldı
Region

Ali məktəbə qəbul olunanlar mükafatlandırıldı

Hacıqabul Rayon İcra Hakimiyyətində rayon təhsil müəssisələrinin 2020-2021-ci tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov görüşdə çıxış edərək tələbə adını qazanan gənclərə təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi vurğulanıb.

Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov onların ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələr verəcəklərinə ümidvar olduğunu bildirdi.

Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş bir neçə məzun mükafatlandırıldı.

Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkdirildi.

Tofiq HÜSEYN,

“Respublika”.