Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
Region

Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev martın 18-də Quba rayonunda Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu Quba Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) saat 10:00-da başlayacaq.

Vətəndaşlar qəbula Quba və Qusar Rayon məhkəmələrində (əlaqə telefonları: (055) 430-12-19 və (050) 851-64-02, habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriləcək. Qəbulda etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilərlər.

AZƏRTAC