Ali Məhkəmənin sədri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Digər xəbərlər

Ali Məhkəmənin sədri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Martın 10-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, bunun bariz nümunəsi kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) bir çox istiqamətlərdə, xüsusilə məhkəmə-hüquq sahəsində fəaliyyətini qeyd edib.

Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin yeni strukturu və fəaliyyət dairəsi barədə məlumat verib. Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb. Bildirib ki, məhkəmə sistemində ən yeni informasiya texnologiyaları, "Elektron məhkəmə" informasiya sistemi tətbiq edilir, hakim vəzifəsinə seçim prosedurları yeni, müasir standartlara uyğun aparılır.

Səmimi qəbula görə təşəkkür edən səfir Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını maraqla izlədiyini bildirib. Diplomat Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC