Ali Məhkəmənin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
Digər xəbərlər

Ali Məhkəmənin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Ağdam Rayon Məhkəməsinin inzibati binasında Ağdam, Yevlax, Ağcabədi, Tərtər, Laçın və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Ali Məhkəmədən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Ağdam rayonunda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, onun əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, məhkəmələrin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı müvafiq tövsiyələr verilib, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə tapşırıqlar verilib.

Bölgə sakinləri dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, Azərbaycan Prezidentinin tövsiyələrinə əsasən məhkəmələrin fəaliyyəti ilə bağlı yerlərdə qəbulların təşkilindən məmnunluqlarını bildiriblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Ağdam Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, Tərtər Hərbi Məhkəməsinin, Ağdam, Yevlax, Ağcabədi, Tərtər və Laçın rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.

Məhkəmə-hüquq sahəsində davamlı olaraq həyata keçirilən islahatların müsbət nəticələri müzakirə edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti, xüsusilə də Ali Məhkəmənin kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Həmçinin məhkəmə aparatı əməkdaşları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, xüsusən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması, vətəndaşların qəbulu, qeyri-prosessual münasibətlərə şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələbləri daim rəhbər tutmaları diqqətə çatdırılıb, xidməti vəzifələrinin layiqincə yerinə yetirmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıq və tövsiyələr verilib.

Həmin gün Ali Məhkəmənin sədri işğaldan azad edilmiş Ağdam şəhərinə gəlib. Burada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevlə birlikdə Ağdam Cümə Məscidini ziyarət edib, orada Heydər Əliyev Fondu tərəfindən aparılan təmir bərpa işləri ilə tanış olub.

Sədr, həmçinin Ağdamda erməni vandalizminə məruz qalan İmarət Kompleksində, Qarabağ Xanlığının əsasını qoymuş Pənahəli Xanın Sarayında olub, Ağdam şəhər Şəhidlər xiyabanını ziyarət edib. Xüsusi nümayəndənin qərargahında Ali Məhkəmənin sədrinə erməni işğalı vaxtı rayona vurulmuş ziyan, dağıdılmış tarixi memarlıq abidələri, infrastruktur və gələcəkdə görüləcək işlər barədə məlumat verilib.

AZƏRTAC