Ali Məhkəmənin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Ali Məhkəmənin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Dünən Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə qurumun kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Ali Məhkəmənin hakimləri və aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.

Həmçinin Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Qeyd edək ki, bu il Azərbaycan Ali Məhkəməsinin yaranmasının 100 illik yubileyidir. Ali Məhkəmə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 13 fevral tarixli qərarı ilə yaradılıb. Qurum 100 illik tarixi ərzində şərəfli inkişaf yolu keçib. Xüsusilə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu inkişaf dinamik xarakter alıb.

Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il mayın 10-da xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycanda məhkəmə sisteminin inkişafı Ümummilli Liderin fəaliyyəti ilə sıx bağlıdır.

Ülvi QARAYEV,

“Respublika”.