Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub
Digər xəbərlər

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransanın Strasburq şəhərində keçirilən "Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər" adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda "Pandemiya dövründə insan hüquqlarına qoyulan məhdudiyyətlər"ə, "Pandemiya zamanı dövlətlərin üzərinə düşən pozitiv öhdəliklər"ə, "Məhkəmələrdə icraat: yerli məhkəmələrin təcrübəsi"nə həsr olunmuş məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminardan sonra təntənəli mərasim keçirilib. Mərasimdə Yunanıstan Prezidenti xanım Katerina Sakellaropulun müraciəti dinlənilib.

Tədbirdə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç çıxış ediblər.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.

AZƏRTAC