Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfər edib
Siyasət

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfər edib

Mayın 16-17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasının Praqa şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 12-ci konfransında iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər il keçirilən Konfransın əsas məqsədi ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaqdır.

Avropanın bir çox ölkələrindən olan Ali Məhkəmə sədrlərinin iştirak etdiyi tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib. Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev "Ədalət mühakiməsinə əlçatanlıq" mövzusunda çıxış edib.

Ali Məhkəmənin sədri bildirib ki, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar çərçivəsində qanunvericiliyə edilən dəyişikliklər, xüsusilə də kasasiya instansiyası məhkəməsində icraatın tam şəkildə yazılı icraata keçməsi, ölkənin müxtəlif regionlarından olan vətəndaşların paytaxtda yerləşən Ali Məhkəməyə gəlməsi zərurətini aradan qaldırılmaqla, onların bir sıra xərclərdən azad etməklə ədalət mühakiməsini daha əlçatan etmiş, eləcə də məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alıb. Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumlarının həddini tənzimləyən qanunvericiliyə edilən köklü dəyişikliklərdən söz açan Ali Məhkəmə sədri, qeyd edib ki, məhkəməyə çatımlığın zərbə almaması üçün dövlət rüsumlarının dərəcələrinin ümumi şəkildə artırılmasından çəkinilərək, onların iddianın qiymətinə mütənasib olaraq diferensiasiya edilməsi qərara alınıb.

Bunlarla yanaşı ölkəmizdə yaradılan mediasiya institutu barədə konfrans iştirakçılarına məlumat verilərək qeyd edilib ki, mediasiya sessiyaları ilə bağlı rüsumların hədlərinin məhkəmə rüsumlarından daha az olması vətəndaşları öz mübahisələrini məhkəmədənkənar alternativ üsullarla həllinə səy göstərmələrinə təkan verib.

Ali Məhkəmənin sədri Azərbaycanda hakimlərin fərdi qaydada seçimi prosesinin yüksək standartlarla aparılması, hakim sayının artırılması, "Elektron məhkəmə" informasiya sisteminin istifadəsinin daha da genişləndirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində tədbirlərin görülməsi, ölkənin şəhər və rayonlarında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın həyata keçirilməsindən, eləcə də Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Ali Məhkəmənin sədri səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.

AZƏRTAC